Accessibility links

İranlı aktrisanın bir filmin nümayişində baş örtüksüz qatıldığı kinoteatrın meneceri işdən çıxarılıb


Pantiya Bəhram (solda)
Pantiya Bəhram (solda)

İranlı aktrisa Pantiya Bəhram məcburi hicab qanununa əməl etmədən bir filmin ictimai nümayişinə baş örtüksüz qatılandan sonra həmin kinoteatrının meneceri işdən çıxarılıb.

İnsident aprelin 19-da Tehranın Lotus kinoteatrında İran istehsalı olan “Şir dərisi” serialının sonuncu seriyasının nümayişi zamanı baş verib.

Bəhramın hicabdan imtina etmək qərarı sosial mediada geniş dəstək qazansa da, Kino Təşkilatının nəzarət və qiymətləndirmə üzrə müavini kino-teatr rəhbərliyini "vəziyyətə nəzarət edə bilmədiyinə və həmin şəxsi kino məkanından çıxarmadığına" görə tənqid edib.

Nəticədə menecer işdən çıxarılıb. Bəhramın atdığı bu addıma görə hər hansı bir nəticə ilə üzləşib-üzləşmədiyi məlum deyil.

Qanuna görə 9 yaşından yuxarı qadın və qızların ictimai yerlərdə baş örtüyü örtməsini tələb edən İranda ictimai yerlərdə baş örtüyü olmadan görünmək kimi vətəndaş itaətsizlikləri artıb.

Son həftələr rəsmilər qadınları hicab qanununa hörmətlə yanaşmağa çağırıb və onu pozanları cəzalandırmaqla hədələyib. Rəsmilər həmçinin sahibkarların və ya menecerlərin İslam qanunlarına və hicab qaydalarına əməl etməməsi səbəbindən biznesləri, restoranları, kafeləri və bəzi hallarda aptekləri bağlayıb.

Aktrisa Katayun Riahi və rejissor Həmid Porazari də daxil olmaqla, bir neçə iranlı kinematoqrafçı və tanınmış ictimai xadim ya polis tərəfindən çağırılıb, ya da həbs edilib. Aktyor Həmid Farroxnejad və digər məşhurlar etirazlara dəstək verdikdən sonra sorğu-sual edildikdən sonra pasportları müsadirə edilib.

2022-ci ilin sentyabrında 22 yaşlı Məhsa Əmininin hicab qanununu pozduğu iddiası ilə polis nəzarətində olarkən ölümündən bəri iranlılar qadınların və məktəbli qızların hüquqlarının pozulmasına etiraz etmək üçün ölkə boyu küçələrə çıxıb.

Bir çox qadınlar itaətsizlik nümayişi olaraq hicablarını ictimai yerlərdə yandırıb.

İğtişaşlara cavab olaraq, hakimiyyət müxalifətçilərə qarşı amansız repressiyaya başlayıb, minlərlə insanı həbs edib və etirazçılara ölüm hökmü də daxil olmaqla, sərt hökmlər verib.

XS
SM
MD
LG