Accessibility links

İran prezidenti: ABŞ sanksiyalarına müqavimət göstəriləcək


İran prezidenti Həsən Ruhani ölkəsinin ABŞ sanksiyalarına müqavimıət göstərməsinin vacibliyinə çağırıb O, Tramp administrasiyasını xoşməramlı müzakirələrdən boyun qaçırmaqda günahlandırıb.

Vaşinqtonun məqsədi İran dövlətini sındırmaqdır

ABŞ-ın sanksiyalarının tətbiqindən sonra ilk dəfə məsələyə toxunan Ruhani deyib ki, Amerika danışıqlara hazır deyil. O, Vaşinqtonun məqsədinin İran dövlətini sındırmaq olduğunu deyib.

İranın dövlət başçısı Amerikanın bu ölçüsünə təəssüf hissi ilə yanaşıldığını, lakin müqavimət göstərməkdən başqa çarə olmadığını əlavə edib.

Birləşmiş Ştatlar bazar ertəsi Tramp administrasiyasının İran nefti idxal edən ölkələrə sanksiya güzəştlərini ləğv etdiyini elan edib.

"Bu bəyanatla biz məqsədimizin ciddiliyini nümayiş etdiririk. Biz sıfıra gedirik. Sıfırda nə qədər qalacağımız İran İslam Respublikasından asılı olacaq. Biz Ayətulla və onun ətrafındakılara nüvə silahlarının istehsalının dayandırılması, ballistik raketlərin sınaqdan keçirilməməsi, terrorizmin sponsorluğuna və ABŞ vətəndaşlarının arbitrar həbslərinə son qoymasına dair açıq tələb irəli sürdük" - deyə ABŞ dövlət katibi Mayk Pompeo bildirib.

Mayk Pompeo
Mayk Pompeo

Ağ Ev prezident Donald Trampın üç müttəfiqi Yaponiya, Cənubi Koreya və Türkiyə, eləcə də Çin və Hindistana verdiyi güzəştlərə son qoymaq qərarına gəldiyini bildirib. Üç digər ölkə - İtaliya, Yunanıstan və Tayvan sanksiyalar bərpa olunandan bəri İrandan neft idxalını dayandırıb.

Birləşmiş Ştatlar bildirib ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri İran nefti bazardan tam yığışdırılarkən global tələbi qarşılamaq üçün lazımı addımlar atmaq barədə razılığa gəlib. Bununla onların neft istehsalını artıracaqları gözlənilir.

Ağ Ev bildirib ki, bu "qərar İranın neft ixracını sıfıra endirmək və rejimin əsas gəlir mənbəyini kəsmək məqsədi daşıyır."

Ayətulla Əli Xameneyi
Ayətulla Əli Xameneyi

İranın ali ruhani lideri Ayətulla Əli Xameneyi sanksiyalara baxmayaraq, İranın öz istəyi və qərarı ilə neft ixracını davam etdirəcəyini deyib. O, bu ölçünün cavabsız qalmayacağını deyib, lakin cavabın nədən ibarət olacağı barədə məlumat verməyib.

İranın xarici işləq naziri Məhəmməd Cavad Zərif isə ABŞ-a xəbərdarlıq verərək, nəticələrə hazır olmağa cağırıb.

İran neft ixrac edə bilməyəcəyi təqdirdə Yaxın Şərqin əsas nəqliyyat marşrutu olan Hörmüz boğazını bağlayacağı ilə hədələyib.

XS
SM
MD
LG