Accessibility links

İranda etirazlarla bağlı ikinci edam icra edilib


Məcidreza Rəhnavard
Məcidreza Rəhnavard

İranın bazar ertəsi bildirdiyinə görə, sentyabr ayında başlayan ümummilli etiraz aksiyaları ilə əlaqədar ikinci məhbusun edamı həyata keçirilib.

İranın ədliyyə orqanlarının tabeliyində olan "Mizan" xəbər agentliyi Məcidreza Rəhnavardın bazar ertəsi Məşhəd şəhərində ictimaiyyət qarşısında asıldığını bildirib.

Rəhnavard keçən ay Məşhəddə təhlükəsizlik qüvvələrinin iki əməkdaşını bıçaqlayaraq öldürməkdə günahlandırılıb.

Fəallar deyirlər ki, İran bağlı qapılar arxasında keçirilən dinləmələrdə azı onlarla insana ölüm hökmü çıxarıb.

Etirazlarla bağlı ilk şəxs keçən həftə edam edilib. Tehranda yolu bağlamaqda və təhlükəsizlik qüvvələrinin əməkdaşına hücum etməkdə ittiham olunan 23 yaşlı Möhsün Şəkari keçən cümə axşamı səhər asılıb.

Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Cosep Borel bazar ertəsi deyib ki, Avropa İttifaqının xarici işlər nazirlərindən İrana qarşı həm etirazçıları sıxışdırması, həm də Rusiyanı Ukraynaya hücum etmək üçün istifadə etdiyi pilotsuz təyyarələrlə təchizatına görə "çox, çox sərt sanksiyalar paketini" təsdiqləyəcək.

Almaniyanın xarici işlər naziri Annalena Berbok Brüsseldəki görüşdən əvvəl jurnalistlərə deyib ki, İranın edamları "açıq-aşkar qorxutma cəhdidir".

"Biz İranda günahsız insanların yanında olduğumuzu açıq şəkildə bildiririk. Öz xalqına bu cür münasibət bəsləyən bir sistem Avropa İttifaqı ilə normal münasibətləri davam etdirə bilməz" - deyə, Berbok bildirib.

Etirazlar İranın əxlaq polisi tərəfindən baş örtüyünü düzgün örtmədiyinə və ölkənin geyim qaydalarını pozduğuna görə saxlanılan 22 yaşlı Məhsa Əmininin polis nəzarətində ölməsindən sonra başlayıb.

XS
SM
MD
LG