Accessibility links

İranda hicablı qadının ölümünə qarşı baş qaldıran etirazlar 16 vilayətə yayılıb


Keçən həftə ölkənin sərt hicab qaydalarına nəzarət edən polis tərəfindən saxlanan gənc qadının ölümünə görə davam edən etirazlar getdikcə güclənərək, ölkənin daha çox bölgəsinə yayılıb və iranlıların İslamçı hökumətə qarşı itaətsizliyinə səbəb olub.

Sosial mediada yayımlanan videolar İranda hökumət əleyhinə çərşənbə axşamı keçirilən son etirazların ölkənin 31 vilayətinin azı 16-sına yayıldığını göstərib.

İran daxilində xəbər yaymaq qadağan olduğu üçün Amerikanın Səsi etirazlarla bağlı vəziyyəti müstəqil şəkildə araşdıra bilmir.

Etirazlar cümə günü Kürdüstan vilayətinin şimal-qərbindəki Sagez şəhərindən olan 22 yaşlı Məhsa Əmininin ölümünün təsdiqlənməsindən bir müddət sonra Tehran xəstəxanası qarşısında toplaşması ilə başlayıb.

Ailə üzvlərinin bildirdiyinə görə, İranın Əxlaq Polisi Əminini sentyabrın 13-də Tehrana səfər edərkən həbs edib. Onlar deyiblər ki, polis Əminini hicab və ya çadrasını düzgün taxmamaqda günahlandırıb, digər qadınlarla birlikdə həbs edərək, mikroavtobusla polis bölməsinə aparıb və o, polis bölməsində komaya düşüb.

Əmininin qohumları İran polisini həbsdə olarkən Əminiyə qarşı fiziki zorakılıq tətbiq etməkdə və tibbi nəticələri göstərmədən, şənbə günü Sagezdə dəfn etməyə tələsməkdə ittiham ediblər.

Rəsmilər Məhsa Amini ilə pis rəftar edildiyini inkar edib və onun ölümünü ürək problemləri ilə əlaqələndirib. Ailəsi onun ürəyində heç bir problem olmadığını deyib.

Amerikanın Səsi-nin Fars xidməti cümə günündən bəri Əlborz, Şərqi Azərbaycan, Fars, Gilan, Gülüstan, Hörmüzqan, İlam, İsfahan, Kirman, Kirmanşah, Kürdüstan, Mazandaran, Qəzvin, Rəzavi Xorasan, Tehran və Qərbi Azərbaycan vilayətlərindən gələn etiraz videolarını toplayıb.

Çərşənbə axşamı etiraz videolarındakı ən cəsarətli itaətsizlik addımları arasında izdihamın Ali dini rəhbər Ayətulla Əli Xameneyi və onun sələfi Ruhulla Xomeyninin şəkillərinin şimaldakı Sari şəhərinin bələdiyyə binasından endirilməsi olub.

İranın dövlətin nəzarətində olan Tasnim xəbər agentliyi çərşənbə axşamı bildirib ki, Kürdüstanda keçirilən son etirazlar zamanı üç nəfər ölüb.

Etirazlar başlayandan bəri polislə qarşıdurma zamanı nə qədər etirazçının həbs edildiyi və ya yaralandığı açıqlanmayıb.

XS
SM
MD
LG