Accessibility links

İran etiraz hərəkatını sakitləşdirmək üçün bəzi məhbusları azad edir


İran mənşəli fransız tədqiqatçı Fəriba Adelxah
İran mənşəli fransız tədqiqatçı Fəriba Adelxah

Məhsa Əmininin ölümündən sonra başlayan və aylarla davam edən etirazlarla sarsılan İran hökuməti tənqid edənləri sakitləşdirmək üçün həbsdə olan onlarla tanınmış şəxsi azad edib.

Məhdud amnistiya 22 yaşlı kürd qadın Əmininin sentyabrın ortalarında həbsdə olarkən öldürülməsindən sonra baş qaldıran genişmiqyaslı etiraz aksiyalarının qış aylarında səngidiyi vaxta təsadüf edir.

Əmini baş örtüyünü düzgün örtmədiyi iddiası ilə həbs olunduqdan sonra vəfat edib və İran hökumətinin xaricdən qaynaqlandığını dediyi "iğtişaşlar" aylarla davam edib.

Etiraz aksiyaları zamanı aralarında təhlükəsizlik qüvvələrinin də olduğu yüzlərlə insan öldürülüb, minlərlə inan həbs edilib, dörd nəfər asılaraq, edam edilib.

Həbs edilənlərin çoxunun hələ də dəmir barmaqlıqlar arxasında olduğuna inanılır, zaminə buraxılanların isə davam edən məhkəmə işləri təhlükəsi var. Müvəqqəti azad edilənlərin isə mühakimə təhlükəsi mövcuddur.

Lakin küçələrdəki gərginliklər bir qədər sakitləşdikdən sonra İran son həftələr bir qrup tanınmış şəxsi azad edib. Bu addım aylarla davam edən qarışıqlıqdan sonra gərginliyi azaltmaq cəhdi kimi qiymətləndirilir.

İslahatçı "Etemad" qəzeti özünün birinci səhifəsində yeni azad edilmiş 50 nəfərin şəklini dərc edib və bu, rəsmi siyahı olmadığı halda belə, kütləvi olaraq azalığa buraxılmaların ən yaxşı göstəricisidir.

Onların arasında kinorejissor Məhəmməd Rəsulof, İran mənşəli fransız tədqiqatçı Fariba Adelxah, fəallar Fərhad Meysami, Səba Kordəfşəri və Məhəmməd Həbibi, fotoqraf Nuşin Cəfəri də var.

Tanınmış rejissor Cəfər Pənahi də bir neçə gün əvvəl azadlığa buraxılıb.

İran həbsxanalarında hələ də hakimiyyəti tənqid edən siyasətçilər, fəallar və jurnalistlər saxlanılır. Onların taleyi və hakimiyyətin gələcəkdə hansı addımlar atacağı ilə bağlı qeyri-müəyyənlik qalmaqdadır.

XS
SM
MD
LG