Accessibility links

İranda iki yeniyetməni edam cəzası gözləyir


İnsan haqları təşkilatının bazar ertəsi bildirdiyinə görə, İslam Respublikasında aylardır davam edən etiraz aksiyalarında iştirak etdiklərinə görə iki iranlı yeniyetməni edam cəzası gözləyir.

Məhsa Əmininin ölümü ilə başlayan etirazlarla bağlı 23 yaşlarında olan iki gənc artıq edam edilib. Etirazları yatırtmaq üçün hədə-qorxu taktikası kimi ölüm cəzasından istifadə edən İran hökumətinin daha onlarla insanı edam edəcəyindən ehtiyat edilir.

Osloda yerləşən İran İnsan Haqları (IHR) qrupunun bildirdiyinə görə, 18 yaşlı etirazçı Mehdi Məhəmmədifərd ölüm cəzasına Mazandaran vilayətinin qərbindəki Növşəhr şəhərində yol polisinin köşkünü yandırmaq ittihamı ilə məhkum edilib.

Qrup ölüm hökmünün vilayətin paytaxtı Saridə İnqilab Məhkəməsi tərəfindən "yer üzündə korrupsiya" və "Allaha qarşı düşmənçilik" ittihamları ilə mühakimə etdikdən sonra çıxarıldığını bildirib.

İkiqat ittiham ona iki ölüm hökmü verildiyi deməkdir.

IHR-in direktoru Mahmud Əmiri-Moqəddam Frans Press agentliyinə deyib ki, mövcud məlumatlara əsasən, Məhəmmədifərd etirazlarda iştirakına görə edam cəzasına məhkum edilən ən gənc şəxsdir.

Bu arada, ədliyyənin "Mizan Online" xəbər saytı digər etirazçı, "Allaha qarşı düşmənçilik" ittihamı irəli sürülən Məhəmməd Boroqaninin edam hökmünün dekabr ayında Ali Məhkəmə tərəfindən qüvvədə saxlandığını bildirib.

Boroqani "təhlükəsizlik işçisini öldürmək məqsədi ilə bıçaqla yaralamaqda və sakinlər arasında qorxu yaratmaqda", habelə paytaxt Tehrandan 43 kilometrcənub-şərqdə yerləşən Pakdəştdəki qubernator binasını yandırmaqda ittiham olunub.

IHR-nin məlumatına görə, Boroqaninin 19 yaşı var. "Mizan Online"ın məlumatı bəzi xəbərlərdə edamın ləğv edildiyi bildirildikdən sonra açıqlanıb.

"109 gündən sonra etirazlara nəzarət edə bilməyən İslam Respublikasının ayaqda qalması üçün hədə-qorxu və edama ehtiyacı var" - deyə, Əmiri Moqəddam bildirib.

IHR-ın keçən həftə bildirdiyinə görə, ölümə məhkum edilən və ya ağır cinayətlərdə ittiham edilən azı 100 etirazçı edam riski ilə üzləşib.

İlk edamlar beynəlxalq ictimaiyyətin etirazlarına səbəb olub və insan haqları qrupları edamların qarşısını almaq üçün İrana təzyiqləri artırmağa çağırırb

23 yaşlı Məcidrza Rəhnavərd dekabrın 12-də Məşhəd məhkəməsi tərəfindən təhlükəsizlik qüvvəsinin iki üzvünü bıçaqla öldürmək ittihamı ilə edam cəzasına məhkum edildikdən iki gün sonra ictimai yerdə bir krandan asılıb.

Ondan dörd gün əvvəl isə 23 yaşlı Mohsen Şəkəri təhlükəsizlik qüvvələrinin bir üzvünü yaraladığına görə edam olunub.

Ədliyyə sistemi İran rəsmilərinin "iğtişaşlar" kimi xarakterizə etdiyi etirazlarla əlaqədar ümumilikdə 11 ölüm hökmünün çıxarıldığını bildirib.

XS
SM
MD
LG