ABŞ Maliyyə Nazirliyi avqustun 13-də İran İslam İnqilab Keşikçiləri Korpusunun Qüds qüvvələrinə neft qaçaqmalçılığında yardım etdiyi iddia edilən şəxsə və şirkətlərə qarşı sanksiyalar tətbiq etdiyini bildirib.
Nazirliyin Xarici Aktivlərə Nəzarət Bürosu Oman əsilli Mahmud Rəşid Əmur Əl-Həbsi və ikisi Omanda, biri Liberiyada, biri də Rumıniyada yerləşən şəbəkəni hədəf alıb.
Sanksiyalar adı qara siyahıya alınanların ABŞ-dakı hər bir aktivini dondurur və ümumiyyətlə amerikalıların onlarla əlaqəsini qadağan edir.
Bu addım Tehranın Vyanada ABŞ rəsmiləri ilə dolayı danışıqlara geri dönməsini gecikdirməsinin Vaşinqtonun səbrini tükəndirdiyi vaxta təsadüf edib.
ABŞ rəsmisi keçən ay Vaşinqtonun sanksiyalarına baxmayaraq, İran neftinin Çinə satışının davam etdiyini və bunun qarşısını almağı düşündüyünü deyib.
Dövlət katibi Entoni Blinken bildirib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun xaricdəki silahlı Qüds Qüvvələri İran neftinin satışından əldə etdiyi gəlirləri "bəd əməllərini" maliyyələşdirmək və bu işdə iştirakını gizlətmək üçün xarici vasitəçilərdən istifadə edir.
"Birləşmiş Ştatlar bu kimi səyləri dəstəkləyənləri ifşa etməkdə və onlara mane olmaqda davam edəcək" - deyə, Blinken qeyd edib.