Accessibility links

İranın yeni prezidenti İbrahim Rəisinin andiçmə mərasimi olub


İbrahim Rəisi avqustun 5-də İranın yeni prezidenti kimi and içib. Rəisi İslam Respublikasının ali dini lideri Ayətullah Əli Xameneyi tərəfindən təsdiq olunandan sonra rəsmən dörd illik səlahiyyət müddətinə başlayır.

İfrat mühafizəkar iyun ayında keçirilən və seçici fəallığı rekord dərəcədə aşağı olan səsvermədə səs çoxluğu ilə qalib gəlib. Bir sıra tanınmış siyasətçinin namizədlikləri isə ləğv edilmişdi.

"Mən rəsmi dini və İslam Respublikasının quruluşunu və ölkə konstitusiyasını qorumağa and içirəm," Rəsimi andiçmə mərasimində söyləyib.

Dövlət mediasının verdiyi məlumata görə, mərasimdə iştirak edənlər arasında Əfqanıstan Prezidenti Əşrəf Qani, İraq Prezidenti Bərham Saleh və Avropa İttifaqının Xarici Məsələlər üzrə baş katibi Enrike Mora olub.

Bundan əlavə Həmasın lideri İsmail Haniyə və Hizbullahın baş katibinin müavini Naim Qasım da andiçmə mərasimində iştirak ediblər.

Rəisi vəzifəyə ABŞ-ın sanksiyalarının təsirləri də daxil olmaqla, İranın böyük iqtisadi problemlərlə üzləşdiyi bir vaxtda başlayır.

O, çərşəbə axşamı çıxışında "Amerikanın tətbiq etdiyi zalım sanksiyaları qaldırmağa" çalışacağını və ölkə iqtisadiyyatını "xaricilərin iradəsinə" bağlamayacağını deyib.

Sanksiyaların yüngülləşdirilməsi müqabilində İranın nüvə proqramını məhdudlaşdıran beynəlxalq müqavilədən çıxan Birləşmiş Ştatlar 2018-ci ildən başlayaraq bu ölkəyə qarşı yeni sanksiyalar tətbiq edib.

Tərəflər yeni razılaşmaya qayıtmaqla bağlı dolayı danışıqlar aparıb.

İran bu həftə də rekord sayda yeni yoluxma halları ilə COVID-19 pandemiyasından ciddi şəkildə əziyyət çəkir.

Rəisi 2019-cu ildə İranın məhkəmə sisteminə rəhbər təyin edilmişdi. Həmin ilin noyabr ayında Amerika Birləşmiş Ştatları ona qarşı 1988-ci ildə minlərlə siyasi məhbusun edamında iştirakına görə sanksiyalar tətbiq etmişdi.

XS
SM
MD
LG