Accessibility links

İran İnqilab Keşikçiləri Qvardiyasının İsrailin İraqda "casus qərargahına" hücum etdiyini bildirib və daha çox qisas alacağına söz verib


Irbil, Iraq
Irbil, Iraq

Dövlət mediasının bazar ertəsi axşam yaydığı xəbərə görə, İranın İnqilab Keşikçiləri Korpusu İsrailin İraqın yarı-muxtar Kürdüstan bölgəsindəki kəşfiyyat qərargahına hücum edib. Elit qüvvələrin eləcə də Suriyada İslam Dövlətinə qarşı da zərbələr endirdiyi bildirilib.

Zərbələr İsrail və Fələstinin islamçı HƏMAS qruplaşması arasında oktyabrın 7-də müharibənin başlamasından sonra İranın müttəfiqlərinin Livan, Suriya, İraq və Yəməndən münaqişəyə qoşulması ilə Yaxın Şərqdə konfliktin genişlənməsi ilə bağlı narahatlıqlar fonunda endirilib.

"Sionist rejimin İnqilab Keşikçiləri və "Müqavimət mehvəri"nun komandirlərinin öldürülməsi ilə nəticələnən son vəhşiliklərinə cavab olaraq, Mossad-ın İraqın Kürdüstan bölgəsindəki əsas casusluq qərargahlarından biri ballistik raketlərlə məhv edilib", İnqilab Keşikçiləri Korpusunun bəyanatında bildirilib.

İsrail hökuməti rəsmilərindən məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.

İnqilab Keşikçiləri Kürdüstan regionunun paytaxtı Ərbilin şimal-şərqində ABŞ konsulluğunun yaxınlığındakı yaşayış massivinə endirilən zərbələrdən əlavə Suriyada bir sıra ballistik raketlər atdıqlarını və İslam Dövləti də daxil olmaqla, İranda terror əməliyyatlarının icraçılarını məhv etdiklərini bildirib.

İslam Dövləti qrupu bu ay İranda yüksək rütbəli komandir Qasım Süleymaninin anım mərasimində 100-ə yaxın insanın ölümü və çox sayda insanın yaralanması ilə nəticələnən iki partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

"Biz xalqımızı əmin edirik ki, qvardiyanın hücum əməliyyatları şəhidlərin son damla qanlarının qisası alınana qədər davam edəcək" - deyə, İnqilab Keşikçilərinin bəyanatında bildirilib.

İran keçən ay Suriyada hərbi müşavir kimi xidmət etmiş, Qvardiyanın yüksək rütbəli komandiri də daxil olmaqla, üç üzvünün öldürülməsinə görə qisas alacağına söz verib.

Üç təhlükəsizlik mənbəyi və İran dövlət mediası həmin vaxt onların İsrailin hava hücumu nəticəsində öldürüldüyünü bəyan edib. İsrail ordusunun sözçüsü şərh verməkdən imtina edərək bildirib ki, onların vəzifəsi yalnız İsrailin təhlükəsizlik maraqlarını qorumaqdan ibarətdir.

Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, İraq Tehrandan səfirini geri çağırdığı zaman İranın Bağdaddakı müvəqqəti işlər vəkili hava zərbələrinə etiraz etmək üçün nazirliyə çağırılıb. Xarici İşlər Nazirliyi Bağdadın İraqın suverenliyinin pozulması adlandırdığı hallara qarşı bütün qanuni tədbirləri görəcəyini bildirib.

ABŞ Dövlət Departamenti Ərbil yaxınlığındakı hücumları pisləyib və onları "məsuliyyətsiz" adlandırıb. Lakin rəsmilər ABŞ-ın heç bir obyektinin hədəfə alınmadığını və itkilərin olmadığını bildirib.

İsraillə müharibədə HƏMAS-ı dəstəkləyən İran Birləşmiş Ştatları İsrailin Qəzzada cinayət adlandırdığı əməliyyatlarını dəstəkləməkdə ittiham edir. ABŞ İsrailin kampaniyasını dəstəklədiyini bildirsə də, həlak olan mülki fələstinlilərin sayı ilə bağlı narahatlıqlarını ifadə edib.

İraq Kürdüstanının Baş naziri Məsrur Bərzani Ərbilə hücumu pisləyərək, bunun "kürd xalqına qarşı cinayət" olduğunu deyib.

Kürdüstan hökumətinin təhlükəsizlik şurası zərbələr nəticəsində azı 4 mülki şəxsin öldüyünü, 6 nəfərin yaralandığını bildirib.

Forum

XS
SM
MD
LG