İranın ali dini rəhbəri Ayətulla Əli Xameneyi koronavirus epidemiyası ilə mübarizəyə yardım məqsədilə ölkənin suveren rifah fondundan bir milyard avro ayrılmasını təsdiq edib. Bu barədə bazar ertəsi prezident Həsən Ruhaninin rəsmi saytında məlumat verilib.
Rəsmi məlumatlara görə, bu günə qədər 3.799 ölüm, 60.500 yoluxma halı olan İran Yaxın Şərqdə koronavirusun ən ağır təsirinə məruz qalmış ölkədir.
Beynəlxalq maliyyə bazarlarından çıxarılması, ABŞ sanksiyalarına məruz qalması və qlobal neft qiymətlərinin düşməsi ilə maliyyəsinə daha çox zərbə vurulan İran ölkə iqtisadiyyatını koronavirus pandemiyasından qorumaq üçün mübarizə aparır.
Ruhani martın sonlarında hökumətin suveren rifah fondundan pul çıxarılması üçün təsdiqi gözlədiyini bildirmişdi.
Prezidentin veb səhifəsində maliyyədən Səhiyyə Nazirliyinin və işsizlik baş qaldırdığı təqdirdə sığorta fondunun ehtiyacları üçün istifadə ediləcəyi və İran prezidentinin bu addıma görə ali dini liderə təşəkkür etdiyi bildirilib.
İranla Birləşmiş Ştatlar arasında gərginlik ABŞ prezidenti Donald Trampın 2015-ci ildə Tehranın dünya qüdrətləri ilə əldə etdiyi nüvə razılaşmasından 2018-ci ildə çıxmasından və İrana qarşı sanksiyaları bərpa etməsindən sonra artıb.
Tehran baş qaldırmış pandemiyanın qarşısını almaq üçün səylərini əngəlləməkdə ABŞ-ın tətbiq etdiyi sanksiyaları günahlandırır və BMT-dən Vaşinqtonu sanksiyaları ləğv etməyə çağırmasını istəyib. Vaşinqton sanksiyaları yüngülləşdirməkdən imtina edib.