Accessibility links

İran Xarici İşlər Nazirliyi: Tehran Rusiya ilə münasibətləri genişləndirmək üçün heç kimdən icazə istəmir


İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani
İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani

İranın Xarici İşlər Nazirliyi ABŞ-ın Tehranla Moskva arasında hərbi tərəfdaşlığın artması ilə bağlı narahatlığını rədd edərək bildirib ki, Rusiya ilə münasibətləri genişləndirmək üçün "heç kimdən icazə almayacaq".

Qərb ölkələri İranı Rusiyaya Ukraynaya qarşı hücumda istifadə etdiyi pilotsuz təyyarələri verməkdə ittiham edərək, Tehrana qarşı sanksiyalar tətbiq edib. Tehran bu iddiaları rədd edib.

Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns cümə günü PBS televiziya kanalına İranla Rusiya arasında hərbi əməkdaşlığın ABŞ-ın Yaxın Şərqdəki müttəfiqləri üçün "real təhlükə yaratdığını" deyib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani şərhləri "əsassız" adlandırıb və deyib ki, bunlar "ABŞ-ın İrana qarşı təbliğat müharibəsinin" bir hissəsidir.

Kənani bazar günü verdiyi bəyanatda bildirib ki, Tehran "xarici münasibətlərini tənzimləməkdə müstəqil fəaliyyət göstərir və heç kimdən icazə almır".

O əlavə edib ki, İranın siyasətini "milli maraqları" diktə edir. "İran və Rusiya arasında müdafiə sahəsi də daxil olmaqla, müxtəlif sahələrdə əməkdaşlıq ümumi maraqlar çərçivəsində genişlənir və heç bir üçüncü ölkəyə qarşı deyil" - deyə, o bildirib.

Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə sözçüsü Con Kirbi dekabrın 9-da Tehran və Moskva arasında hərbi tərəfdaşlığı Ukrayna, İranın qonşuları və dünya üçün "zərərli" adlandırıb.

Tehran keçən ay Rusiyaya pilotsuz təyyarələr göndərdiyini etiraf edib, lakin onların Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən əvvəl çatdırıldığında israr edib.

XS
SM
MD
LG