Accessibility links

IHR: Etirazlar zamanı İranın təhlükəsizlik qüvvələri tərəfindən azı 537 nəfər öldürülüb


İran İnsan Haqları Təşkilatının (IHR) bildirdiyinə görə, sentyabr ayından başlayan etiraz aksiyaları zamanı İranın təhlükəsizlik qüvvələri tərəfindən azı 537 nəfər öldürülüb.

Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı, həmçinin bildirib ki, bu müddət ərzində etirazlarla bağlı ittihamlarla 4 nəfər edam edilsə də, eyni vaxtda daha 300 nəfər başqa ittihamlarla edam edilib.

Etiraz hərəkatı sentyabrın ortalarında İranda qadınlar üçün sərt geyim qaydalarını pozduğu iddiası ilə həbs edilən gənc kürd qadın Məhsa Əmininin həbsdə ölməsindən sonra başlayıb.

Etirazçılar küçələrə axışaraq nəinki qadınlar üçün məcburi baş örtüyü öhdəliyinə son qoyulmasını, eləcə də İranda 1979-cu ildən bəri ölkəni idarə edən İslam teokratiyasının devrilməsini tələb edib.

Hakimiyyət etirazlara repressiyalarla cavab verib. Təhlükəsizlik qüvvələri ölkə boyu etirazçıları əsl güllələrlə hədəf alıb.

Bundan əvvəl IHR repressiyalar zamanı öldürülən etirazçıların sayının 488 nəfər olduğunu desə də, yeni təsdiqlənən məlumata əsasən, ölənlərin sayının 537 nəfərdir.

Əmininin ölümündən 200 gün sonra açıqlanan hesabatda ən çox ölümün 223 nəfər olmaqla, sentyabr ayının sonunda qeydə alındığı bildirilib. Oktyabr ayında 100 nəfərin, noyabrda isə 173 nəfərin həyatını itirdiyi deyilib.

Ən çox ölüm, 134 nəfər azlıq təşkil edən Bəluc sünnilərinin həftəlik etiraz aksiyaları keçirdiyi cənub-şərqdəki Sistan-Bəlucistan vilayətində qeydə alınıb.

Tehranda 69, kürd azlığının məskunlaşdığı Kürdüstan və Qərbi Azərbaycan vilayətlərində isə 57 və 56 ölüm qeydə alınıb.

XS
SM
MD
LG