Accessibility links

İran yarı-hərbi dəstə üzvünün qətlinə görə 8 nəfəri həbsə məhkum edib


Dövlətə məxsus informasıya agentliklərinin bildirdiyinə görə, İran keçən il Məhsa Əmininin polis nəzarətində öldürülməsindən sonra baş qaldıran ümummilli etirazlar zamanı yarı-hərbi dəstənin könüllüsünü öldürməkdə təqsirli bilinən 2 kişiyə yardım etməkdə ittiham olunan 7 kişi və 1 qadını həbs cəzasına məhkum edib.

Hökmlər Əmininin sentyabrın 16-da ölümünün ildönümü ərəfəsində verilib. Belə ki, hakimiyyət bundan əvvəl hər hansı müxalif fikri sıxışdırmağa çalışır.

Ədliyyə orqanlarının Mizan xəbər agentliyi noyabrda qətlin baş verdiyi Kərəc şəhərində İnqilab Məhkəməsinin çıxardığı hökmlərin ilk rəsmi təsdiqini açıqlayıb. Xəbərdə deyilib ki, ölkənin Ali Məhkəməsi mühakimə olunanların vəkillərinin apellyasiya şikayətindən sonra çıxarılan hökmləri qüvvədə saxlayıb.

Mizan-ın bildirdiyinə görə, müttəhimlər "müharibə" və "yer üzündə korrupsiya" törətməkdə təqsirli bilinib.

İranın qapalı dinləmələr keçirən İnqilab Məhkəməsi uzun müddətdir ki, müxalifət və Qərblə əlaqəsi olan şəxslərə qarşı sərt hökmlərə görə fəallar və müxtəlif dövlətlər tərəfindən tənqid edilir. Məhkəmələr mühakimə olunanlara öz vəkillərini seçməyə və ya onlara qarşı irəli sürülən sübutları görməyə imkan vermir.

Mizan bildirib ki, məhkum edilənlər arasında doktor Həmid Qarahasnalu 15 il, həyat yoldaşı Fərzanə isə 5 il həbs cəzasına məhkum edilib. Həmin iş üzrə məhkum olunmuş digərləri kimi hər iki şəxs onlara verilən həbs cəzasını vaxtı evlərindən uzaqda yerləşən həbsxanada çəkməlidir.

Onlara qarşı çıxarılan hökm yanvar ayında Məhəmməd Mehdi Kərami və Məhəmməd Hüseyni kimi tanınan iki nəfərin edam edildiyi işin bir hissəsidir. Onlar şəxslər noyabrın 3-də Tehrandan 40 kilometr şimal-qərbdə yerləşən Kərəc şəhərində İran İnqilabı Keşikçiləri Korpusunun könüllü "Bəsic" qüvvələrinin üzvü Ruhulla Əcəmiyanı qətlə yetirməkdə təqsirli bilinib.

Forum

XS
SM
MD
LG