Accessibility links

İran 17 nəfərin ölümünə səbəb olan spirtli içkiyə görə 4 nəfəri edam cəzasına məhkum edib


İranın Ədliyyə Nazirliyinin çərşənbə axşamı bildirdiyinə görə, qaçalmalçılıq yolu ilə zəhərli spirtli içki satmaqda təqsirli bilinən 4 nəfəri ölüm cəzasına məhkum edib. İyun ayında həmin spirtli içkilər 17 nəfərin ölümünə və onlarla insanın xəstəxanalara düşməsinə səbəb olub.

İranda spirtli içki satışı və istehlakı 1979-cu il İslam İnqilabından bəri qadağan edilib və bu, bəzən zəhərli metanolla qarışdırılan içkilərin qaçaqmalçılıq yolu ilə ticarətinə gətirib çıxarıb.

İyun ayında saxtalaşdırılmış spirtli içki qəbul etdikdən sonra azı 17 nəfər ölüb, 191 nəfər metanol zəhərlənməsi əlamətləri ilə xəstəxanalara yerləşdirilib.

Ədliyyə Nazirliyinin sözçüsü Məsud Setayeşi deyib ki, Tehranın qərbindəki Əlborz vilayətində zəhərli içki satışına görə, 11 nəfərə qarşı ən ağır, "yer üzündə korrupsiya" ittihamı irəli sürülüb.

Onlardan dördünün ölüm cəzasına məhkum edildiyini, qalanlarının isə bir ildən beş ilədək həbs cəzasına məhkum edildiyini deyən Setayeşi məhkumların qərarla bağlı Apelyasiya Məhkəməsinə müraciət edə biləcəklərini bildirib.

Rəsmilərin dediyinə görə, iyun ayında kosmetika fabrikində keçirdikləri reyd zamanı 6 min litrdən çox qanunsuz spirt ələ keçirilib və onun yayılmasının qarşısı alınıb.

2020-ci ildə COVID-19 pandemiyası ən yüksək həddə çatdığı vaxt bunun virusun dərmanı olduğuna inanan azı 210 iranlı saxtalaşdırılmış spirtli içki qəbul edərək ölüb.

Spirtli içkidən istifadəyə yalnız İranın xristian, yəhudi və zərdüşt azlıqlarının nümayəndələrinə ivazə verilir.

Forum

XS
SM
MD
LG