Accessibility links

İranlı müğənni Mehdi Yərrahi 2 il 8 ay həbs və 74 şallaq cəzasına məhkum edilib


Mehdi Yərrahi
Mehdi Yərrahi

Müğənni Mehdi Yərrahi İranda qadınların başını örtməsini tələb edən qanunu tənqid edən mahnıya görə 2 il 8 ay həbs və 74 şallaq cəzasına məhkum edilib.

Yərrahinin vəkili Zəhra Minueyi keçmiş Twitter, hazırda X hesabında yazıb ki, Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi ona cəzanı "Your Head Scarf" (Sənin baş örtüyün) mahnısında "ictimai düşüncəyə meydan oxuduğu və rejim əleyhinə təbliğat apardığına" görə verib.

"Cənab Yərrahi hazırda həmkarlarından biri, cənab Kuşan Həddad tərəfindən verilən 15 milyard tümən girovla azadlıqdadır," Minueyi əlavə edib.

Yərrahi 2023-cü ilin avqustunda həbs edilib və oktyabr ayında girov müqabilində azadlığa buraxılana qədər həbsdə saxlanılıb. Məhkəmə ona qarşı bir neçə ittiham irəli sürüb və hökmlər eyni vaxtda icra olunur. Bu isə müğənninin bir il həbs cəzasısı çəkəcəyi deməkdir.

"Your Head Scarf" (Sənin baş örtüyün) mahnısı qadınları məcburi baş örtüyünü çıxarmağa çağırır. Mahnı 2023-cü ilin sentyabrında Məhsa Əmininin ölümünün birinci ildönümü ərəfəsində rəsmilərin müxalif fikrə təzyiqləri fonunda yayımlanıb.

Əmini hicab qaydasını pozduğuna görə həbs edildikdən sonra polis nəzarətində ölüb. Onun ölümü "Qadın, Həyat, Azadlıq" hərəkatının yaranmasına və hökumətin qadınlara, onların gündəlik həyatına qoyduğu məhdudiyyətlərlə bağlı ümummilli iğtişaşlara səbəb olub.

Etirazlar səngisə də, hicaba və ya qadınlar üçün məcburi baş örtüyünə qarşı müqavimətin artacağı ehtimal edilir. Təhlilçilərin fikrincə, hazırda bu, dövlətin qadınlara qarşı repressiyasının və cəmiyyətə qarşı ölümcül basqının simvolu kimi görünür.

Rejissor Həmid Porazari də daxil olmaqla, bir neçə kinematoqrafçı, eləcə də tanınmış ictimai xadimlər ya polis tərəfindən çağırılıb, ya da həbs ediliblər.

Əfsanə Bayeqan, Fatimə Motamed-Arya, Katayon Riahi və Pantea Bahram kimi tanınmış aktrisalar da daxil olmaqla, etirazçılara dəstək göstərmək üçün ictimaiyyət qarşısına hicabsız çıxdıqdan sonra dindirilib və məhkəmə qarşısına çıxarılıblar.

Forum

XS
SM
MD
LG