Accessibility links

İran keçmiş məmuruna ömürlük həbs cəzası verdiyinə görə İsveçə etirazını bildirib


İsveçin İrandakı müvəqqəti işlər vəkili İran həbsxanasının keçmiş məmuruna 1988-ci ildəki kütləvi edamlara görə verilən ömürlük həbsinə etiraz olaraq İranın Xarici İşlər Nazirliyi tərəfindən çağırılıb.

Çərşənbə axşamı İsveçin Apellyasiya Məhkəməsi 62 yaşlı Həmid Nuriyə qarşı keçən ilin iyulunda "beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması və qətllərə görə" verilən həbs müddətini qüvvədə saxlayıb.

Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani açıqlamasında "İsveç məhkəməsinin ədalətli mühakimə standartlarını nəzərə almadan belə bir dağıdıcı hökmə qərar verməsi təəssüf doğurur" deyib.

O, hökmü "əsas etibarilə qəbuledilməz" adlandırıb və bildirib ki, İran Nurinin azadlığa buraxılması üçün "ixtiyarında olan bütün hüquqi yollardan istifadə edəcək".

Çərşənbə günü Xarici İşlər Nazirliyi İsveçin Tehrandakı nümayəndəsini çağıraraq, məhkəmənin hökmünə "qəti etirazını" bildirib.

Nazirlik "yalan iddialara" istinad etdiyinə görə İsveç məhkəməsini tənqid edib.

Nuri 2019-cu ilin noyabrında İsveçdəki iranlı müxalifətin onu polisə şikayət etməsindən sonra Stokholm hava limanında həbs edilib.

Məhkəmə işi 1980-88-ci illər İran-İraq müharibəsinin sonunda üsyançı İran Xalq Mücahidləri tərəfindən həyata keçirilən hücumların qisasını almaq üçün İran boyu azı 5000 məhbusun öldürülməsi ilə bağlıdır.

Nuri həmin vaxt Tehran yaxınlığındakı həbsxanada prokuror köməkçisi işləyib, lakin o, həmin dövrdə məzuniyyətdə olduğunu iddia edib.

İsveç Nurini özünün universal yurisdiksiya prinsipi əsasında mühakimə edib. Bu isə o deməkdir ki, iddia edilən cinayətin harada baş verməsindən asılı olmayaraq ona işə baxmağa imkan verir.

Qərarın 600 gündən çoxdur həbsdə olan Avropa İttifaqı diplomatı Yohan Floderus da daxil olmaqla, İrandakı isveçli məhbusların taleyinə təsir göstərə biləcəyi ilə bağlı narahatlıqlar var.

33 yaşlı Floderus "yer üzərində korrupsiya" cinayətində ittiham olunub. O, 2022-ci ilin aprelində, Nurinin ilkin məhkəməsi davam edərkən, Tehranın hava limanında saxlanılıb.

Digər İsveç vətəndaşı, ikili vətəndaşlığı olan Əhməd Rza Cəlali 2016-cı ildə saxlanıldıqdan və casusluq ittihamı ilə edam cəzasına məhkum edildikdən sonra İran həbsxanasının edam sırasını gözləyənlər kamerasındadır.

İsveç mediası İsveç və İran arasında məhbus mübadiləsinin mümkünlüyü barədə fərziyyələr irəli sürüb. Xarici işlər naziri Tobias Billstrom bununla bağlı şərh verməkdən imtina edib.

Forum

XS
SM
MD
LG