Accessibility links

İran etirazlarda həbs olunan 22 mindən çox insanın əfv edildiyini bildirir


İran bazar ertəsi ölkənin ali dini liderinin İslam Respublikasını bürüyən hökumət əleyhinə etirazlar zamanı həbs olunan 22 mindən çox insanı əfv etdiyini bəyan edib. Lakin kütləvi əfvlə bağlı məlumat müstəqil şəkildə təsdiqlənməyib.

İranın baş prokuroru Qulamhüseyn Möhseni Ecehinin bu bəyanatı keçən ilin sentyabr ayında ölkənin əxlaq polisi tərəfindən həbs edilən 22 yaşlı Məhsa Əmininin ölümü ilə bağlı nümayişlərdən sonra ilk dəfə olaraq hökumətin repressiyalarının tam miqyasını göstərir.

Bu, həmçinin İranın teokratiyasının 1979-cu il İslam İnqilabından bəri isteblişment üçün ən ciddi problemlərdən biri olan iğtişaşların miqyasını etiraf etmək üçün hazırda özünü kifayət qədər təhlükəsiz hiss etdiyini göstərir. İnqilabdan sonra aparılan təmizləmələr zamanı da on minlərlə insan həbs edilmişdi.

Bununla belə, Tehranın dünya güdrətləri ilə 2015-ci ildə imzaladığı nüvə sazişinin iflasından sonra milli valyuta rialın çökməsi, iqtisadi çətinliklər və daha geniş dünya ilə əlaqələrinin qeyri-müəyyənliyi fonunda ölkədə qəzəb hələ də qalmaqdadır.

Dövlət İRNA xəbər agentliyi bazar ertəsi rəqəmləri Ecehiyə istinadən açıqlayıb. İranın dövlət mediası daha əvvəl ali dini rəhbər Ayətulla Əli Xameneinin müsəlmanların müqəddəs Ramazan ayı ərəfəsində nümayişlərdə iştirak edən bir çox insanı əfv edə biləcəyini bildirmişdi. Ramazan ayı gələn həftənin sonunda başlayır.

Ecehinin dediyinə görə, ümumilikdə ittiham irəli sürülən 82,656 şəxs əfv olunub. Onlardan 22,628 nəfəri nümayişlər zamanı həbs edilib. O əlavə edib ki, əfv olunanlar oğurluq və ya zorakılıq kimi cinayətlər törətməyib. Onun açıqlamaları nümayişlər zamanı həbs olunanların həqiqi sayının daha çox olduğunu deməyə əsas verir.

Fevral ayında İran etirazlar zamanı "on minlərlə insanın" həbs edildiyini etiraf etmişdi. Ecehinin bazar ertəsi etiraf etdiyi rəqəmlər insan haqları fəalların əvvəllər istinad etdiyi saydan daha yüksək olub. Lakin son günlərdə nə İran mediası, nə də fəallar məhbusların kütləvi şəkildə sərbəst buraxılması barədə məlumat verməyib.

İranda repressiyaları izləyən insan haqları fəalları qrupunun bildirdiyinə görə, etirazlar zamanı 19,700-dən çox insan həbs edilib. Qrup hakimiyyətin nümayişləri zorakılıqla yatırması nəticəsində azı 530 nəfərin öldüyünü bildirib. İran aylardır ölənlərin sayı ilə bağlı açıqlama verməyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG