Accessibility links

Tehran Moskvanın Fars körfəzi adaları ilə bağlı mövqeyini tənqid edib


Əli Əkbər Vilayəti
Əli Əkbər Vilayəti

İranın ali dini lideri Ayətulla Əli Xameneyinin baş müşaviri Əli Əkbər Vilayəti İranın Fars körfəzindəki üç strateji adan üzərindəki suverenliyi ilə bağlı uzun müddətdir davam edən mübahisədə Rusiyanın mövqeyini tənqid edib.

İranın keçmiş xarici işlər naziri və hazırda beynəlxalq məsələlər üzrə əsas müşaviri olan Vilayəti Rusiya Xarici İşlər Nazirliyinin bu mövqeyindən təəssüfləndiyini bildirib və bunun Moskvanın Tehran qarşısında etibarını sarsıtdığını deyib.

Dekabrın 21-də çıxış edən Vilayəti çox guman ki, Rusiya və onun Ukraynaya davam edən təcavüzünə işarə edərək, siyasi və hərbi mübahisələrə qarışan ölkələrə İslam Respublikası ilə münasibətlərinə daha ehtiyatla yanaşmalı olduqları barədə xəbərdarlıq edib.

İran Fars körfəzindəki Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adalarına görə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə onilliklərdir ərazi mübahisəsi yaşayır.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu həftənin əvvəlində ərəb həmkarları ilə görüşündə adalarla bağlı mübahisənin beynəlxalq təşkilatların vasitəçiliyi ilə həll edilməli olduğunu deyib və İranı adalarla bağlı danışıqlara getməyə çağırıb. Belə görünür, bu, Rusiyanın Birləşmiş Ərəb Əmirliklərinin iddialarını dəstəklədiyinə işarə edir.

Adalar üzərində mübahisə 1971-ci ilə, Birləşmiş Ərəb Əmirliklərinin yaranmasından bir neçə gün əvvəl və Britaniya Hərbi Dəniz Qüvvələrinin Fars körfəzindən çəkildiyi zaman İranın İmperator Dəniz Qüvvələrinin adalara nəzarəti geri qaytardığı vaxta gedib çıxır.

Hərbi əməliyyatlardan çəkinməsnə baxmayaraq, Birləşmiş Ərəb Əmirlikləri o vaxtdan bəri İranın bu adalar üzərində suverenliyinə etiraz edir.

Həyati əhəmiyyət daşıyan gəmi yollarına və potensial neft ehtiyatlarına yaxın yerləşdiyi üçün həmin adalar yüksək strateji əhəmiyyətə malikdir.

İran Ukraynaya hərbi müdaxiləsi üçün Rusiyanı silah, əsasən də Ukraynada mülki və infrastruktur obyektlərinə hücum etmək üçün müntəzəm olaraq istifadə etdiyi "Şahed-131" və "Şahed-136" pilotsuz təyyarələri ilə təmin edir.

Forum

XS
SM
MD
LG