Accessibility links

Tehran nümayişində iştirak edən etirazçılardan birinə ilk ölüm hökmü çıxarılıb


"Mizan Online" agentliyinin bildirdiyinə görə, İranda sentyabrın ortalarında baş örtüyünü "səhv" örtdüyünə görə əxlaq polisi tərəfindən həbs edilən 22 yaşlı Məhsa Əmininin ölümündən sonra Tehrandakı nümayişdə iştirak edən etirazçılardan birinə ilk ölüm hökmü çıxarılıb.

Agentlik təqsirləndirilən şəxsin adının Səman Seydi olduğunu bildirib. O, hökumət binasını yandırmaqda, asayişi pozmaqda, milli təhlükəsizlik əleyhinə cinayət törətməkdə və odlu silahdan istifadə etməkdə təqsirli bilinib. Müttəhim "Allahın düşməni" elan edilib.

"Milli təhlükəsizliyə qarşı cinayətlər törətməkdə sui-qəsddə və asayişi pozmaqda" günahkar bilinənlər 5 ildən 10 ilə qədər həbs cəzasına məhkum edilib. Nəşrin məlumatına görə, hökmlər ilkin xarakter daşıyır və apellyasiya şikayəti verilə bilər.

İranda kütləvi etirazlar sentyabrın ortalarında başlayıb. Etirazçılar Əmininin qətlində polisi günahlandırır.

Ölüm cəzası Əmininin ölümü haqqında ilk yazan iki jurnalist - Nilufər Hami və İlahə Məhəmmədiyə qarşı da tətbiq edilə bilər. İran hökuməti onları dövlətə xəyanətdə və ABŞ kəşfiyyat orqanlarına işləməkdə ittiham edib.

Nilufər Həmidi baş örtüyünü düzgün örtmədiyinə görə polis nəzarətində olan zaman komaya düşən Məhsa Əminin valideynlərinin Tehran xəstəxanasında qucaqlaşdıqlarını çəkən jurnalistdir. Onun Twitter-dəki bu fotosu hadisə ilə bağlı ilk xəbər olub.

İlahə Məhəmmədi Əmininin ölkəni bürümüş kütləvi etirazların başladığı doğma şəhəri olan Sagezdə dəfn mərasimini işıqlandırıb.

İran hökuməti ölkədə baş verənlərlə bağlı hər hansı məlumatın dünya mətbuatına çıxmasının qarşısını almağa çalışır. Etirazlar başlayandan bəri 40-dan çox jurnalist həbs edilib. Azadlıqda qalanlar isə nəzarətdən və telefonlarının dinlənilməsindən şikayətlənir.

XS
SM
MD
LG