Accessibility links

Prezident müşavirinin “İranda türk yoxdur” açıqlamasına reaksiya


Prezident Ruhaninin müşaviri Əli Yunesinin İran Azərbaycanında əhalinin türkləşmiş azərilər olduğuna dair açıqlamalarına geniş təpki var. Bu barədə İran Parlamentinin 50 millət vəkili birgə etiraz məktubu imzalayıb.

İran prezidentinin azlıqlar məsələləri üzrə yardımçısı aprelin 21-də “Qanun” qəzetinə verdiyi müsahibədə İran Azərbaycanında yaşayan əhalinin “türkcəni sonradan öyrənən azərilər”- dən ibarət olduğunu iddia edib.

“Azərilərin həm dili, həm də kökü fars olub. Onlar bir çox bölgənin əhalisindən daha çox farsdır. Azərilər və kürdlər əkiz qardaşlardır və Midiya xalqıdırlar”- deyə, Höccətül-İslam Əli Yunesinin sözləri Qanun qəzetində dərc edilib.

Zati-alilərinizin müşaviri etnik cəmiyyətlər mövzusunda Qanun qəzeti ilə müsahibədə mümkün olan ən pis şəkildə ölkənin 40 faiz əhalisi olan türkləri təhqir edib.
Millət vəkillərinin məktubundan

İran əhalisinin əksəriyyətinin “eyni əsl, soy və dildən gəldiyini” önə çəkən Yunesi İranın ərazi bütünlüyünü qorumaq üçün etnik cəmiyyətlər arasında birliyin şərt olduğunu ifadə edib.

Prezident müşavirinin açıqlamalarına müxtəlif qruplar, o cümlədən türk fəallar arasında reaksiyaların artmasının ardından İran Parlamentinin 50 millət millət vəkili birgə məktub imzalayaraq Yunesi tərəfindən “türklərin aşağılanmasına” etiraz bildiriblər.

Parlamentdə “qanun xatırlatması/təzəkkür” formasında irəli sürülən məktubu İran Azərbaycanından əlavə ölkənin müxtəlif bölgələri, o cümlədən Tehran, Türkmənsəhra, Gərmsar, Qaşqay Eli və Xorasandan türk və türkmən millət vəkilləri də imzalayıb.

Məktubda prezident Ruhaniyə müraciət edilərək qeyd edilib ki, “təəssüf ki, zati-alilərinizin müşaviri etnik cəmiyyətlər mövzusunda Qanun qəzeti ilə müsahibədə mümkün olan ən pis şəkildə ölkənin 40 faiz əhalisi olan türkləri təhqir edib... Müsəlman İranın türk əhalisinin sizdən inciməməsi üçün ümid edirik ki, tezliklə adı çəkilən şəxsin cəfəng, köksüz-əsassız və Rza Xan dövrünü xatırladan sözlərinə təpki göstərəsiniz.”

Millət vəkillərinin məktubunun surəti Urmiyədə fəaliyyət göstərən “Yol Press” internet portalı tərəfindən nəşr olunub.

Türk millət vəkillərinin etiraz məktubu
Türk millət vəkillərinin etiraz məktubu

XS
SM
MD
LG