Accessibility links

BMT-nin insan haqları üzrə baş komissarı İranda vəziyyətin "kritik" həddə çatdığı barədə xəbərdarlıq edib


BMT-nin insan haqları üzrə baş komissarı Volker Turk İran hökumətinin polis nəzarətində olan gənc qadının ölümü ilə nəticələnən etirazlara qarşı sərt təqibləri ilə əlaqədar vəziyyətin "kritik" həddə çatdığı və 300-dən çox insanın təhlükəsizlik qüvvələri tərəfindən öldürülməsi barədə xəbərdarlıq edib.

BMT-nin insan haqları üzrə ali komissarı Turkun sözçüsü noyabrın 22-də Cenevrədə keçirdiyi mətbuat brifinqində deyib ki, "İranda həftəsonu iki uşaq da daxil olmaqla, etiraz aksiyaları zamanı ölənlərin sayının artması və təhlükəsizlik qüvvələrinin zorakılığının sərtləşməsi ölkədəki kritik vəziyyəti vurğulayır."

1979-cu ildə İslam İnqilabından sonra hakimiyyətə gələn ruhani qurum üçün ən böyük təhdidlərdən birinə çevrilən etirazlar 22 yaşlı Məhsa Əmininin sentyabrın 16-da, İranın baş örtüyü ilə bağlı sərt qaydalarını pozduğu iddiası ilə Tehranda əxlaq polisi tərəfindən saxlandıqdan üç gün sonra vəfatından bəri başlayıb.

Əvvəlcə İranın Kürdüstan bölgəsində, Əmininin doğulduğu Saqqız şəhərində başlayan etirazlar sonra tez bir zamanda İranın onlarla şəhər və qəsəbəsinə yayılıb. Tehran hər hansı sübut irəli sürmədən İraqın şimalındakı kürd qruplaşmalarının nümayişlərə dəstək verdiyini iddia edib.

Mərkəzi ofisi Osloda yerləşən İran İnsan Haqları Təşkilatının məlumatına görə, ölkə boyu hökumət qüvvələri tərəfindən 47-si uşaq olmaqla, azı 378 nəfər öldürülüb.

İranın kürd bölgələrində hüquq pozuntularını izləyən Norveçdəki "Hengaw" qrupu təhlükəsizlik qüvvələrinin noyabrın 21-də Cavanrudda azı 5 kürd vətəndaşı güllələyərək öldürdüyünü bildirib.

Son məlumatlara əsaəsn, İran hakimiyyəti Kürdüstan bölgəsində repressiyalarını gücləndirir, fəallar isə zorakılıqların hökumətin etirazçılar arasında qorxu yaratmaq və nümayişləri yatırmaq cəhdi olduğunu deyir.

Bəzi hüquq müdafiəçiləri xəbərdarlıq ediblər ki, kürdlərin yaşadığı Cavanrud və Mahabad şəhərlərində qan və dərman çatışmazlığı yaxın günlərdə humanitar böhrana çevrilə bilər.

XS
SM
MD
LG