Accessibility links

BMT İranın Qadınların Statusu Komissiyası üzvlüyündən çıxarılmasına səs verib


BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) Tehranın qadınların başçılıq etdiyi etirazlara qarşı vəhşi repressiyalarına görə İranın BMT-nin qlobal gender bərabərliyi orqanından xaric eedilməsinə səs verib.

ABŞ-ın başçılıq etdiyi kampaniyadan sonra ECOSOC-un 29 üzvü İslam Respublikasının 2022-26-cı illər müddətində Birləşmiş Millətlər Təşkilatının Qadınların Statusu üzrə Komissiyasından (UNCSW) çıxarılmasına səs verib.

Səkkiz ölkə əleyhinə səs verib, 16 ölkə isə bitərəf qalıb. İranı dərhal qüvvəyə minən komissiya üzvlüyündən məhrum edən qətnamənin qəbul edilməsi üçün sadəcə səs çoxluğu kifayət olub.

Rusiya və Çin də daxil olmaqla, qətnamənin əleyhdarları İranın quruma seçilməsinin və bu qurumdan çıxarılmasının "təhlükəli nümunə" olduğunu qeyd edib. Rusiya səsvermədən əvvəl ECOSOC-un qanuni olaraq İranı sıxışdırıb çıxara bilib-bilməyəcəyi ilə bağlı BMT-nin hüquq ekspertlərindən rəy almaq istədiyini bildirib.

1946-cı ildə yaradılmış BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyası müstəsna olaraq gender bərabərliyinin təşviqinə və qadınların səlahiyyətlərinin artırılmasına yönəlmiş qlobal hökumətlərarası qurumdur. Onun 45 üzvü ECOSOC tərəfindən dörd il müddətinə seçilir.

ABŞ-ın sponsorluq etdiyi qətnaməyə İranın əxlaq polisi tərəfindən nəzarətə alınan 22 yaşlı qadının ölümündən sonra, sentyabr ayında hökumət əleyhinə etirazlara başlayan dinc nümayişçilərə qarşı davam edən vəhşi repressiyaları səbəb olub.

İnsan haqları qruplarının dediyinə görə, 500-ə yaxın insanın ölümü və yüzlərlə insanın yaralanması ilə nəticələnən repressiyalarla yanaşı İranın hökumət orqanları minlərlə insanı həbs edib. İranın məhkəmə sistemi etirazlarla bağlı 11 ölüm hökmü çıxardığını bildirib. İki edam icra olunub.

XS
SM
MD
LG