Accessibility links

ABŞ İranın nüvə sazişinin son mətni ilə bağlı şərhlərini “ciddi şəkildə nəzərdən keçirir”


Birləşmiş Ştatların bildirdiyinə görə, İranın Avropa İttifaqının 2015-ci il nüvə sazişini canlandırmaq məqsədi daşıyan təklifinə verdiyi son cavabını “ciddi şəkildə nəzərdən keçirir”.

ABŞ İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) ABŞ-ın Xarici Terror Təşkilatları siyahısından çıxarmaq kimi bəzi “başlanğıc tələblərindən” göründüyü kimi imtina etməsini müsbət qarşılayıb.

“Razılaşmanın iki həftə əvvəl olduğundan daha yaxın olmasının səbəblərindən biri də budur. Lakin davam edən müzakirələrin nəticəsi hələ də qeyri-müəyyən olaraq qalır, çünki boşluqlar hələ də qalır” - deyə, Dövlət Departamentinin sözçüsü Ned Prays bazar ertəsi brifinq zamanı bildirib.

“Daxili məsləhətləşmələrimiz və yaxın müttəfiqlərimizlə məsləhətləşmələrimiz başa çatan kimi İrana cavab verəcəyik” deyən Prays əlavə edib ki, “bizim bu danışıqları hər hansı şəkildə gecikdirdiyimizə dair təsəvvür sadəcə olaraq həqitətə uyğun deyil.”

İran ABŞ-ı sanksiyaların yüngülləşdirilməsi müqabilində İranın nüvə proqramını məhdudlaşdıran razılaşmaya qayıtmaq üçün Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) ilə bağlı danışıqları yubatmaqda ittiham edib.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani Avropa İttifaqı tərəfindən hazırlanmış mətnə dair İranın şərhlərindən danışarkən ABŞ-ın reaksiyasını “süründürməçilik” adlandırıb.

Kanani həmçinin ABŞ-la məhbus mübadiləsinin nüvə danışıqları ilə bağlı olmayacağını bildirib.

Vaşinqton casusluq ittihamı ilə həbs edilmiş Emad Şərqi, ata və oğul Bəkir və Siyamək Namazi və Morad Təhbaz da daxil olmaqla, ABŞ rəsmilərinin Tehran tərəfindən qeyri-qanuni olaraq həbs edildiyini dediyi bir neçə iranlı amerikalının azad edilməsinə çalışır.

İran isə ABŞ-da həbsdə olan bir neçə iranlının azadlığa buraxılmasını istəyir. Onların əksəriyyəti ABŞ-ın İrana qarşı sanksiyalarını pozmaqda ittiham olunub.

ABŞ və Avropa İttifaqı keçən həftədən bəri İranın cavabını nəzərdən keçirir. Avropa İttifaqının baş diplomatı Cosep Borrell avqustun 22-də İspaniyada keçirdiyi mətbuat konfransında sazişin bərpası ilə bağlı əlavə danışıqların bu həftə aparıla biləcəyini deyib.

Bazar ertəsi İsrailin baş naziri Yair Lapid də Fransa Prezidenti Emmanuel Makronla telefon danışığında İsrailin İranla nüvə sazişinin bərpa edilməsinə etiraz etdiyini və razılaşma əldə olunarsa, ona bağlı olmayacağını bildirib.

Axios saytı yüksək səviyyəli İsrail rəsmisinə istinadən xəbər verib ki, Lapid Prezident Co Baydenə göndərdiyi mesajında Avropa İttifaqının İranla müzakirə etdiyi təklifin 2015-ci il nüvə sazişindən kənara çıxdığını və Bayden administrasiyasının özünün qırmızı xətlərinə uyğun gəlmədiyini bildirib.

XS
SM
MD
LG