Accessibility links

İran ABŞ-la məhbusları dəyişdirməyə hazır olduğunu bildirib


İran mediası çərşənbə günü Xarici İşlər Nazirliyinin sözçüsünə istinadən bildirib ki, İran ABŞ-la məhbus mübadiləsinə hazırdır.

Yarı rəsmi FARS xəbər agentliyi sözçüsü Nasser Kanaaninin ABŞ Prezidenti Co Bayden administrasiyasını “teatr tamaşaları göstərmək əvəzinə hərəkətə keçməyə” çağırdığını bildirib.

ABŞ dövlət katibi Antoni Blinken çərşənbə axşamı İran əsilli amerikalı Siyamək Namazinin məhkəmə işinə diqqət çəkərək, Namazinin 2500 gündür “İranda səhv olaraq həbs edildiyini” deyib.

"Biz onun azadlığını təmin etmək və atası Bakir də daxil olmaqla, İran tərəfindən haqsız yerə həbs edilən bütün amerikalıların vətənə qayıtmasını təmin etməkdə qərarlıyıq" - deyə, Blinken tvitter səhifəsində yazıb.

Dövlət Departamentinin sözçüsü Ned Prays deyib ki, ABŞ tərəfi İranda saxlanılanların “İran rejimi tərəfindən təsir rıçaqları və ya hansısa başqa güzəştlər əldə etmək məqsədilə siyasi piyada kimi saxlanıldığına” inanır.

“Bu, iyrənc bir təcrübədir. Bu, hər yerdə və hər zaman pislədiyimiz bir təcrübədir” - deyə, Prays əlavə edib.

Onun sözlərinə görə, amerikalı məhbusların azadlığa buraxılması 2015-ci ildə imzalanmış sanksiyaların aradan qaldırılması müqabilində İranın nüvə fəaliyyətini məhdudlaşdıran beynəlxalq müqaviləyə qayıtmaq üzrə davam edən danışıqlarla əlaqəli deyil.

ABŞ çərşənbə axşamı ayrı bir bəyanatında bildirib ki, İranın sazişin bərpası ilə bağlı Avropa İttifaqının vasitəçiliyi ilə son təklifinə reaksiyasını öyrənir.

Dövlət Departamenti İranla bağlı sənədi Avropa İttifaqından aldığını və ABŞ-ın cavabını avropalı müttəfiqləri ilə bölüşəcəyini bildirib.

Tehrandakı rəsmi İRNA xəbər agentliyinin çərşənbə axşamı bildirdiyinə görə, iranlı müzakirəçilər cavablarını Avropa Birliyinə təqdim edib və danışıqların daha aparılmayacağı ilə bağlı xəbərdarlıqlara baxmayaraq, Avropa İttifaqının təklifini hələ də qəbul etməyəcəklərini bildirib.

XS
SM
MD
LG