Accessibility links

İran əsgər ölümlərindən sonra ABŞ-ın cavabından ehtiyat edir


Vaşinqtonun əsgər ölümlərinə "çox ciddi" cavab verəcəyini vəd etməsindən sonra iranlı şərhçilər çərşənbə axşamı ABŞ-ın qisas alacağı ilə bağlı xəbərdarlıq etsələr də, genişmiqyaslı müharibənin gözlənilmədiyi qənaətinə gəliblər.

ABŞ prezidenti Co Bayden bazar günü İordaniyanın Suriya və İraq yaxınlığındakı bazasına pilotsuz uçuş aparatı ilə endirilən və üç ABŞ əsgərinin ölümünə səbəb olan hücumda "Suriya və İraqda fəaliyyət göstərən İranın dəstəklədiyi radikal silahlı qruplaşmaları" günahlandırıb.

Oktyabrın 7-də İsrail-HƏMAS müharibəsinin başlamasından sonra ilk Amerika hərbçilərinin ölümü ABŞ-da seçki ilinin əvvəlində uzun zamanın düşmənlərı arasında gərginliyi daha da artırıb.

Uzun zamandır düşmən olan Vaşinqton və Tehran var güclərilə müharibə istəmədiklərini bəyan etsələr də, Baydenin xəbərdarlığı iranlıları növbəti addımın nə olacağını düşünməyə vadar edib.

Siyasi analitik Əhməd Zeydabadi Ham-Mihan qəzetində "Baydenin İran hədəflərinə birbaşa hücumlar əmri verməsi ehtimalı qulaqardı edilə bilməz" yazıb.

Lakin o, ABŞ-ın istənilən hücumunun "İranın başqa ölkələrdəki qüvvələrinin bazalarını" hədəf alacağını bildirib.

Artan gərginliyin əlaməti olaraq, İran rialı çərşənbə axşamı qara bazarda bir ABŞ dolları 580-600 min olmaqla, ən aşağı səviyyəyə enib.

İslahatçı Etemaad Daily qəzeti də Bayden administrasiyasının Respublikaçıların siyasi təzyiqi altında "İran daxilində məhdud, lakin strateji hədəfləri nişan alacağının" "mümkün" olduğunu bildirib.

"Bu ssenari Tehran və Vaşinqton arasında diplomatik səylərə son verə bilər" - deyə, məlumatda bildirilib.

Baydenin bəzi Respublikaçı rəqibləri İrana birbaşa hücuma çağırsa da, prezident çərşənbə axşamı "Mən Yaxın Şərqdə daha geniş müharibə istəmirəm" deyib.

İran rəsmiləri tez biir zamanda İordaniya hücumu ilə hər hansı əlaqəsinin olduğunu inkar edib və Tehranın da regionda münaqişənin "genişlənməsinə" qarşı olduğunu bir daha təkrarlayıb.

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian çərşənbə axşamı böhranın həllinin "siyasi" olmalı olduğunu deyib və X-də "diplomatiya bu istiqamətdə fəaldır" yazıb.

İranla dostluq əlaqələri olan Çin və Rusiya gərginliyi azaltmağa və təmkinli olmağa çağırıb. Pekin isə Yaxın Şərqdə "qisas dövrü"nə qarşı olduğu barədə xəbərdarlıq edib.

Digər islahatçı Şərq qəzeti isə birbaşa qarşıdurma "ehtimalının az" olduğunu bildirib və yazıb ki, "Tehran və Vaşinqton keçmişdə də birbaşa münaqişələri cilovlamaq qabiliyyətini nümayiş etdirib".

İran Daily qəzeti editorialında sərt xəbərdarlıqla çıxış edərək, Bayden "üçüncü tərəfin vurduğu zərbəyə görə qisas almaq üçün İrana birbaşa hərbi hücuma meyilli olmamalıdır" yazıb.

Forum

XS
SM
MD
LG