Accessibility links

Xamenei ABŞ-ın İraqdakı hava zərbələrini qınayıb


İran dövlət televiziyası çərşənbə günü açıqladığı məlumatda İranın ali dini rəhbəri Ayətulla Əli Xameneinin İranın İraqdakı müttəfiq yarı-hərbi qrupuna edilən hücumlara və qonşu ölkədəki zorakılıqlara görə Birləşmiş Ştatları günahlandırdığı bildirilib.

"İran hökuməti, İran xalqı və mən hücumları qəti şəkildə pisləyirəm," deyə Xameneidən sitat gətirilib.

Birləşmiş Ştatlar cümə günü ABŞ hərbi bazasına raket hücumu zamanı bir podratçısının öldürülməsinə cavab olaraq bazar günü Xətaib Hizbullah yarı-hərbi qrupuna qarşı hava hücumları həyata keçirib.

Hava zərbələri şiə yarı-hərbi qrupun bazaları, idarəetmə vasitələri, silah-sursat saxladıqları anbarları hədəf alıb.

Təhlükəsizlik qüvvələri İraq və Suriyada İranın dəstəklədiyi yarı-hərbi qüvvələrə qarşı hava hücumlarına qəzəblənərək ABŞ səfirliyinin divarını dağıdan etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Prezident Donald Tramp ABŞ səfirliyinə hücuma görə İranı günahlandırıb.

“İran çoxlarını yaraladı, bir amerikalı işçini öldürdü. İndi isə İran ABŞ-ın İraqdakı səfirliyinə hücum təşkil edib. Onlar buna görə məsuliyyət daşıyacaqlar. Bundan əlavə, biz İraqdan bizim səfirliyi qorumaq üçün öz gücündən istifadə edəcəyini gözləyirik" deyə, Trump çərşənbə axşamı Twitter səhifəsində bildirdi.

İran ona qarşı irəli sürülən ittihamı rədd edib.

"Yenə bu adam (Tramp) hücumlarda İranı ittiham edir. Siz heç nə edə bilməzsiniz. Məntiqiniz olsaydı, əlbəttə ki, yoxdur, görərdiniz ki, İraqda və digər ölkələrdəki cinayətləriniz millətlərdə sizə qarşı nifrət yaradıb" deyə, Xamenei Tweeter səhifəsində bildirib.

"İran bir ölkə ilə qarşıdurma qərarına gələrsə, bunu açıq şəkildə edər... Ölkəmizin maraqlarına təhlükə yaradana biz də tərəddüd etmədən cavab verəcəyik" deyə, Xamenei əlavə edib.

Bazar günü edilən hava hücumları İraqın yüksək səviyyəli rəsmilərinin qəzəbinə və tənqidinə səbəb olsa da, Birləşmiş Ştatlar öz addımını müdafiə edərək, bunu bir də təkrar edə biləcəyi barədə xəbərdarlıq edib.

"İranın Amerikanın maraqlarına hücum etməsinə imkan verməyəcəyik" deyə, Dövlət Departamentinin yüksək səviyyəli bir nümayəndəsi bazar ertəsi jurnalistlərə açıqlamasında bildirib və hava hücumlarının müdafiə xarakterli olduğunu deyib.

XS
SM
MD
LG