Accessibility links

Məhəmməd Cavad Zərif: İmkansız tələblər irəli sürülməsə, razılıq əldə edilə bilər


İranın xarici işlər naziri nüvə razılığının əldə edilməsinə dair möhlətə bir neçə gün qalmış razılığın əldə edilməsinin mümkünlüyünü qeyd edib.

Məhəmməd Cavad Zərif bildirib ki, əgər tərəflər pozitiv addımlarla imkansız tələblər irəli sürməsə hər kəsin xeyrinə olan razılıq əldə edilə bilər. Lakin o, bəzi mürəkkəb məsələlərlə bağlı fikir ayrılıqlarının mövcud olduğunu da deyib. Bunlara BMT-nin İranın nüvə obyektlərinin təftişləri, şəffaflıq, sanksiyalar və digər məsələlər daxildir.

Nazirin bəyanatı onun ABŞ dövlət katibi Con Kerri ilə Vyana görüşündən öncə səslənib.

Dünyanın 6 qüdrətli dövləti ilə İran arasında iyun ayının 30-dək əhatəli razılıq əldə edilməlidir. Razılıqda beynəlxalq sanksiyaların yüngülləşdirilməsi müqabilində İran gələn 10 il müddətində nüvə proqramını məhdudlaşdırmalıdır.

Sanksiyaların yüngülləşdirilməsinin sürəti Britaniya, Fransa, Çin, Rusiya, ABŞ və Almaniya ilə aparılan yekun müzakirələrin əsasını təşkil edir.

ABŞ administrasiyası rəsmisi isə dünən bildirib ki, İranla nüvə razılığı iyunun 30-na müəyyən edilmiş möhlətə qədər əldə edilməyəcək. O, müzakirələrin bağlı qapılar arxasında keçiriləcəyini deyib.

Rəsminin bəyanatı ABŞ dövlət katibi Con Kerrinin danışıqlar aparılan Vyanaya səfərindən öncə səslənib.

İranın ali ruhani lideri isə ölkəsinin nüvə proqramının uzun müddət məhdudlaşdırılmasını qəbul etməyəcəyini bildirib.

Ayətulla Əli Xameneyi isə bu müddətin qəbuledilməz olduğunu və razılığın şərtlərinə görə beynəlxalq müfəttişlərin hərbi obyektləri yoxlamasına yol verilməyəcəyini deyib.

O, eyni zamanda razılıq imzalandıqdan dərhal sonra iqtisadi sanksiyaların ləğv edilməsini tələb edib.

XS
SM
MD
LG