Accessibility links

İran Xarici İşlər Nazirliyinin sözçüsü Dünya Azərbaycanlıları Konqresinin konfransı və pilotsuz təyyarələrdən danışıb


İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst
İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst

Ramin Mehmanpərəst DAK-ı separatçı adlandırıb. “Bölgə ölkələri arasında münasibətləri pozmaq üçün bəzi cərəyanlar şübhəli fəaliyyətlər aparır”

İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst dekabrın 11-də Tehranda keçirdiyi brifinqdə Azərbaycan Respublikası ilə bağlı sualları cavablandırıb.

“Media forum” saytının məlumatına görə, suallardan biri Dünya Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə dekabrın 5-də Bakıda keçirilmiş “Azərbaycanın quzeyi və güneyi arasında əlaqələr: mövcud durum, perspektivlər və vəzifələrimiz” konfransı haqda olub.

Dekabrın 7-də İran İslam Respublikasının Azərbaycandakı səfirliyi bu konfransı pisləyib, DAK-ı, eyni zamanda onun həmsədri, millət vəkili Sabir Rüstəmxanlını və DAK Daimi Şurasının sədri Əjdər Tağızadə separatçı, təxribatçı adlandırıb. Həmin gün DAK və Sabir Rüstəmxanlının sədrlik etdiyi Vətəndaş Həmrəyliyi Partiyasının mətbuat xidməti İran səfirliyinin bəyanatına kəskin cavablar verib.

Tehranda keçirilən brifinqdə Ramin Mehmanpərəstə “Azərbaycanın quzeyi və güneyi arasında əlaqələr: mövcud durum, perspektivlər və vəzifələrimiz” konfransı barədə verilən sual belə olub: “Azərbaycan Respublikası parlamentindəki deputatlardan birinin başçılığı ilə separatçı qruplardan biri İrana qarşı bəyanatlar səsləndirib. İranın bu ölkədəki səfirliyi həmin bəyanatlara cavab veribmi?”.

Ramin Mehmanpərəst deyib: “Bölgə ölkələri arasında münasibətləri pozmaq üçün bəzi cərəyanlar şübhəli fəaliyyətlər aparır. Biz bölgə ölkələri ilə, o sıradan da Azərbaycan Respublikası ilə qarşılıqlı əməkdaşlığı genişləndirmək niyyətindəyik və bu haqda qərarımız ciddidir. Biz həmişə onlara bildirmişik ki, iki ölkə arasında münasibətləri pozmağa çalışan bədxah cərəyanların fəaliyyətinin qarşısını birlikdə ala bilərik. O ki qaldı bu separatçı qrupun Bakıda toplantı keçirməsinə, biz Azərbaycan Respublikasındakı səfirliyimiz vasitəsilə buna kəskin etirazımızı bildirmişik”.

Digər jurnalist Mehmanpərəstə sual verərkən “Azərbaycan Respublikasının İsrail istehsalı olan pilotsuz təyyarələrinin İranın hava sərhədini pozması” barədə danışıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü buna cavab olaraq deyib: “Bu kimi hərəkətlər yalnız o zaman təsirli ola bilər ki, bizim müdafiə sistemimiz onun qarşısını ala bilməsin. Bizim müdafiə sistemimiz ölkə sərhədlərini qorumaq gücündədir, ona görə də sui-istifadə niyyətində olan hər hansı cərəyan və ya ölkəyə qətiyyətlə cavab verməyə qadirik.
Medianın hər hansı qaynağa söykənmədən bu kimi məlumatlara önəm verməsi isə bir növ bölgə ölkələri arasında münasibətləri pozmağa çalışan cərəyanlarla ayaqlaşmaq kimi də qiymətləndirilə bilər”.
XS
SM
MD
LG