Accessibility links

Tehranın valyuta bazarında tutatutdur


İran rialı
İran rialı

Oktyabrın 1-dən bəri İran rialının məzənnəsi ABŞ dollarına nisbətən 40 faiz düşüb. Valyuta bazarında təxribat törətdiklərinə görə həbs edilənlərin sayı 30-a çatıb

“Media forum” saytının məlumatına görə, oktyabrın 8-i paytaxt Tehranda xarici valyutanın alış-verişi ilə məşğul olan onlarla dəllal həbs edilib. Tutulanların kimliyi açıqlanmasa da, İran mənbələri həmin şəxslərin valyuta bazarında təxribatçılıqda günahlandırıldığı haqda məlumat yayıb.

İranın keçmiş kəşfiyyat naziri Əli Yunisi jurnalistlərə deyib ki, valyuta bazarındakı tutatutlar mövcud problemin həllinə yardım etməyəcək.

“Valyuta məsələsini, eləcə də milli pulun dəyərinin düşməsi problemini tutatutla həll etmək olmaz. İdarəçilikdəki səriştəsizlik valyuta bazarında nəzarətin hökumətin əlindən çıxmasına gətirib çıxarıb. Hökumət nağd pulun artım səviyyəsinə nəzarət edə bilməyib”.

Oktyabrın 1-dən bəri İran rialının məzənnəsi ABŞ dollarına nisbətən 40 faiz düşüb. Bu, İran iqtisadiyyatında böyük ajiotaj yaradıb.

APA agentliyi ehranın baş prokuroru Abbas Cəfəri Dövlətabadiyə istinadən bildirir ki, İranın valyuta bazarında təxribat törətdiklərinə görə həbs edilənlərin sayı 30-a çatıb.

Cənab Dövlətabadinin sözlərinə görə, hazırda məsələ ilə bağlı araşdırmalar davam etdirilir.

“Tutulan şəxslərdən qeyri-qanuni yolla əldə olunmuş külli miqdarda valyuta, qızıl və sikkə müsadirə olunub. Təbii ki, dəllallarla mübarizə mühakimə ilə məhdudlaşmamalıdır. Əsas malların təmin olunması, xalq üçün lazım xidmətlərin göstərilməsi və İran Mərkəzi Bankının nəzarəti altındakı valyutadəyişmə məntəqələrindəki alqı-satqı ölkədəki mövcud şərtlərə uyğun maliyyə-iqtisadi siyasəti həyata keçirilməklə aparılmalıdır”, - o qeyd edib.
XS
SM
MD
LG