Accessibility links

İranda qadınlar kişilərlə birlikdə futbol oyunlarına baxa bilər


Tehranın hakimiyyət orqanları futbol üzrə dünya çempionatının iyunun 20-də oynanan matçının translyasiyasına qadınların da kişilərlə eyni ictimai yerlərdə tamaşa etməsinə razılıq verib.

Bundan əvvəl bu məsələyə görə Tehran üzərində güclü beynəlxalq təzyiq vardı.

Tehran vilayətinin icraiyyə şurası iyunun 20-də bəyan edib ki, dünya çempionatı oyunlarının televizya translyasiyasına baxmaq üçün qadınların Azadi və Təxti stadionlara daxil olmasına icazə veriləcək. Söhbət İran milli yığmasının İspaniya komandasına qarşı Rusiyanın Kazan şəhərində keçirilən matçına tamaşa edilməsindən gedir.

A
A

​Qəbul edilmiş qərara görə qadınlar bu matçın böyük ekranlarda verilən translyasiyasına adı çəlkilən stadionların ailə sektorlarından baxa biləcəklər. Qadınlar böyük ekranların qurulduğu parklarda və başqa ictimai yerlərdə də matça kişilərlə eyni məkanda baxa bilərlər.

İranın İSNA agentliyi bildirir ki, icazə yalnız və yalnız iyunun 20-də keçirilən matçın tamaşasına aiddir.

Millət vəkili Tayebe Siavoşi İSNA agentliyinə deyib ki, “əgər hər şey qaydasında olsa, bu, qadınların üzərindəki stadion qadağanının qaldırılması üçün başlanğıc ola bilər”.

Millət vəkilinin sözlərinə görə, əgər tamaşaçılar qayda-qanuna riayət etsələr, iyunun 25-də keçiriləcək İran-Portuqaliya matçına da belə bir ictimai tamaşaya icazə veriləcək.

İranda Dünya Kubokuna maraq xüsusilə də iyunun 15-də İran yığmasının Mərakeş komandasına 1-0 hesabı ilə qalib gəlməsindən sonra artıb.Soçidə İspaniya və Portuqaliya arasında oyunun 3-3 hesabı ilə heç-heçə başa çatması İran üçün final mərhələsinə çatmaq imkanını açıq qoyub.

İran-Mərakeş oyununa da qadınların ictimai yerlərdə tamaşa etməsinə əvvəlcə icazə verilsə də, hakimiyyət orqanları bu qərarını son anda geri götürmüşdü.

Sankt Peterburqda keçirilən İran-Mərakeş matçı zamanı tribunalarda İranın qadınlara stadionları qadağan edən siyasətinə etiraz plakatı da görünmüşdü.

Plakatda yazılmışdı: "#NoBan4Women" və “İran qadınlarının stadionlara gəlməsinə dəstək verək!”

Lakin bu plakat çox tezliklə və naməlum səbəblərə görə stadionun üç əməkdaşı tərəfindən götürülmüşdü. Matçın ikinci taymında yenə də qaldırılan plakatı yenə də yığışdırmışdılar.

XS
SM
MD
LG