Accessibility links

İran Xəbər Agentliyi ABŞ-la məhbus mübadiləsinə dair danışıqları təsdiqləyib


İran hökumətinə bağlı xəbər agentliyi ABŞ mediasının İran və ABŞ arasında məhbus mübadiləsi üçün dolayı danışıqların getdiyi barədə xəbərini təsdiqləyib.

NBC televiziyasının fevralın 15-də verdiyi xəbərdə məsələ ilə bağlı məlumatı olan dörd mənbəyə istinadən Qətər və Böyük Britaniyanın vasitəçi qismində danışıqlara yardımçı olduqları bildirilib.

İranın Ali Milli Təhlükəsizlik Şurasına bağlı Nournews xəbər agentliyi fevralın 16-da Twitter-də yazıb ki, bu danışıqlar "dolayı yolla və səmərəli aparılıb". Nournews danışıqların "Vaşinqtonun tələbi və Tehranın razılığı ilə" aparıldığını bildirib.

NBC danışıqlardan xəbəri olan üç mənbədən sitat gətirərək "Tərəflər mümkün məhbus mübadiləsi və hazırda ABŞ-ın sanksiyaları ilə bloklanan Cənubi Koreya banklarında milyardlarla dollar vəsaitin sərbəst buraxılmasını ehtiva edə biləcək bir formula axtarır" deyib.

ABŞ Dövlət Departamenti Vaşinqtonun Tehranla əlaqə saxlamaq üçün "kanallar"ının olduğunu etiraf edib, lakin cari danışıqlar barədə ətraflı məlumat verməyib.

"Dediyimiz kimi, bizim İranla narahatlıq doğuran məsələlərdə, o cümlədən İranda haqsız olaraq saxlanılan ABŞ vətəndaşlarının azadlığa buraxılması ilə bağlı əlaqə yollarımız var. Bu kanallar açıq qalır, lakin biz onların təfərrüatlarını açıqlamayacağıq", Dövlət Departamentinin sözçüsü bildirib.

Siamək Namazi, Emad Şargi və Murad Tahbaz da daxil olmaqla bir neçə İran əsilli Amerika vətəndaşı hələ də İranda həbsdədir.

Namazi 2015-ci ildə Tehranda ailəsini ziyarət edərkən casusluq ittihamı ilə saxlanıldığı zamanda Dubayda yerləşən neft şirkətində çalışırdı. O, ABŞ-ın beyin mərkəzləri ilə keçmiş əlaqələri ilə bağlı dindirilib. Namazi ailəsi casusluq ittihamlarının absurd olduğunu deyir.

Namazi "düşmən Amerika hökuməti ilə əməkdaşlıq" ittihamı ilə 10 il həbs cəzasına məhkum edilib. O, hazırda İranda ən uzun müddət həbsdə olan iranlı amerikalı məhbusdur.

İran mediası onun ölkədən qaçmaq istəyərkən saxlanıldığını bildirib.

Fars Vəhşi Təbiət İrsi Fondunun idarə heyətinin üzvü Murad Tahbaz 2018-ci ilin yanvarında ətraf mühit fəallarına qarşı repressiya zamanı həbs edilib. O, daha 7 nəfərlə birlikdə ətraf mühitin mühafizəsi işləri apararkən, məxfi məlumatlar toplamaqda ittiham olunub.

Tahbaz ABŞ-ın xeyrinə casusluq və İranın təhlükəsizliyinə xələl gətirmək kimi qeyri-dəqiq ittihamlarla digərləri ilə birlikdə 10 il həbs cəzasına məhkum edilib.

Qərb ölkələri dəfələrlə bildiriblər ki, İran ikili və əcnəbi vətəndaşları girov götürərək, daha sonra məhbus mübadiləsində istifadə edərək xarici dövlətlərdən istifadə etməyə çalışır.

İranın təhlükəsizlik qüvvələri hazırkı etiraz dalğası zamanı 40-a yaxın xarici vətəndaşı nəzarətə götürüb, çox vaxt onlara qarşı sürülən ittihamları açıqlamayıb.

XS
SM
MD
LG