Accessibility links

Həbsdə olan islahatçı siyasətçi Taczadə İranın ali dini liderini sərt tənqid edib


Mustafa Taczadə
Mustafa Taczadə

İranın tanınmış islahatçı siyasətçisi, hazırda Tehranın Evin həbsxanasında olan Mustafa Taczadə ali dini rəhbər Ayətullah Əli Xameneyini sərt tənqid edərək, "İrandakı hazırkı siyasi sistemin qüsurlu strukturuna" görə onun cavabdeh olduğunu deyib.

2022-ci ilin sonunda "milli təhlükəsizliyə qarşı sui-qəsd" və "rejim əleyhinə təbliğat" ittihamları ilə təqsirli bilinərək, beş il müddətinə həbs cəzasına məhkum edilən Taczadə həbsxanadan dərc etdiyi məktubunda İslam Respublikası rəhbərliyinin "strateji uğursuzluqları" səbəbindən qarşıdan gələn parlament və Ekspertlər Şurasının seçkilərində səsvermədə bitərəf qalacağını bildirib.

O, Xameneyinin rəhbərliyi altında seçkilərin əhəmiyyətinin azaldığını vurğulayaraq, aylarla yaşayış şəraiti ilə bağlı iğtişaşlar, hüquq və azadlıqların, xüsusən də qadınlar üçün məhdudiyyətlərin müşahidə olunduğu ölkədə mövcud şəraiti nəzərə alaraq, bu cür tədbirlərin keçirilməsinin mənasız olduğunu deyib.

1997-2005-ci illərdə islahatçı prezident Məhəmməd Hatəmi dövründə daxili işlər nazirinin müavini vəzifəsində işləmiş Taczadə Xameneyinin "İrandakı fəlakətli faktlara göz yumduğunu" və “milyonlarla vətəndaşın etirazlarını dinləmədiyini" deyib.

"Digər tərəfdən, iranlıların əksəriyyəti də ölkənin acınacaqlı vəziyyətinə etiraz olaraq liderə, onun radio və televiziya müraciətlərinə məhəl qoymamaq qərarına gəlib. Səs verməyin" - deyə, Taczadə əlavə edib.

Məktub İslam Respublikası liderinin seçiciləri martın 1-də keçiriləcək “ölkənin mövcud problemlərinin həlli” adlandırdığı seçkilərdə kütləvi şəkildə seçki məntəqələrinə gəlməsi üçün növbəti çağırışından sonra dərc edilib.

Taczadənin məktubu İranın islahat hərəkatının üzləşdiyi dərin siyasi bölünmələri və çətinlikləri vurğulayır.

O, Xameneyini Vaşinqtonla düşmənçilik münasibətlərinin davam etdirilməsi, məcburi hicab qanununun tətbiqi, seçkilərdə iştirak edən namizədlərin yoxlanılmasına nəzarət və siyasi dissidentlərin qeyri-qanuni həbsi kimi “qırmızı xətlər” qoyduğuna görə tənqid edib.

Taczadənin sözlərinə görə, bu cür siyasətlər İranın yaxın gələcəkdə beynəlxalq əlaqə və ya iqtisadi inkişaf potensialına mane olur.

Taczadə ilk dəfə 2009-cu ildə müxalifətin islahatçı namizədləri Mehdi Kərrubi və Mir Hüseyn Musəviyə qarşı mübarizə aparan o vaxtkı prezident Mahmud Əhmədinejadın yenidən seçilməsi əleyhinə keçirilən kütləvi etirazlar zamanı həbs edilib.

2010-cu ildə Taczadə milli təhlükəsizliyə zərər vurmaqda və dövlət əleyhinə təbliğat aparmaqda təqsirli bilinib. O, yeddi illik cəzasının böyük hissəsini çəkdikdən sonra 2016-cı ildə azadlığa çıxıb.

Azadlığa çıxandan sonra Taczadə hakimiyyət orqanlarını tez-tez on ildən artıq ev dustaqlığında olan Kərrubi və Musəvini azad etməyə çağırıb.

2022-ci ilin oktyabrında İran İslam İnqilabı Məhkəməsinin şöbəsi Taczadəni hazırkı 5 illik müddətinə həbs cəzasına məhkum edib. Vəkili ilə təkbətək danışmaq vəsatətinin təmin olunmamasından sonra Taczadə məhkəmədə dinləmələrdə çıxış etməkdən imtina edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG