Accessibility links

İranda rəsmi matəm elan olunub


Bir sıra İran vətəndaşları bazar günü helikopter qəzasında həlak olmuş prezident İbrahim Rəisiyə yas tutmaq üçün çərşənbə axşamı ölkənin şimal-qərbindəki Təbriz şəhərində toplaşıb.

İnsanlar Rəisi və xarici işlər naziri Hüseyn Əmirabdollahiyan da daxil olmaqla, qəzada ölənlərin fotoşəkilləri olan lövhələr və pankartlarla küçələrə çıxıb.

Dəfn mərasimi bu həftə beşgünlük matəm elan edilən İranda keçirilən bir neçə mərasimdən biri olacaq.

Rəisinin cümə axşamı doğulduğu Məşhəddə dəfnindən əvvəl Qum və Tehranda da mərasimlər keçirilib.

İran rəsmiləri qəzanın səbəbini açıqlamayıb. Nümayəndə heyətinin içərisində olduğu helikopter bazar günü İranın nümayəndə heyətinin İran-Azərbaycan sərhədində bənd layihəsinin açılışında iştirak etməsindən sonra geri qayıdarkən dumanlı hava şəraitində dağlıq əraziyə düşüb.

İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif qəzaya görə ABŞ-ı və onun İrana qarşı sanksiyalarını günahlandırmağa çalışıb. Zərif Associated Press agentliyinə deyib ki, ABŞ “İrana təyyarə və aviasiya hissələrinin satışına embarqo qoyub və İran xalqına yaxşı aviasiya vasitələrindən yararlanmağa imkan vermir”.

Birləşmiş Ştatlar bu iddianı rədd edib. Dövlət Departamenti çərşənbə axşamı verdiyi açıqlamasında İranın "öz təyyarələrindən terrorizmi dəstəkləmək üçün avadanlıq daşımaqda istifadə etdiyini" deyib.

"Biz sanksiyalar rejimimizi, o cümlədən İran hökuməti tərəfindən istifadə edilən təyyarələrə tətbiq etdiyimiz sanksiyaları tam şəkildə tətbiq etməyə davam edəcəyik. Nəticədə, pis hava şəraitində 45 illik helikopterin uçması qərarına görə cavabdeh olan İran hökumətidir, başqa heç kim yox," Dövlət Departamentinin sözçüsü Metyu Miller jurnalistlərə deyib.

İranın ali dini lideri Əli Xameneyi Rəisinin ölümündən sonra icra hakimiyyətinə vitse-prezident Məhəmməd Moxbəri təyin edib. Ölkədə 50 gün ərzində yeni prezident seçkiləri keçirilməlidir.

Xarici işlər nazirinin səlahiyyətlərini xarici işlər nazirinin müavini Əli Baqeri Kani icra edəcək.

Forum

XS
SM
MD
LG