Accessibility links

İraqın şiə dini qurumu dinc nümayişçilərə hücumları qınayır


Cümə günü İraqın şiə dini qurumu hökumət əleyhinə bir aydır davam edən dinc nümayişlər zamanı təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı azı 250 nəfərin ölümü ilə nəticələnən hücumlarını qınayıb.

Bağdadın Təhrir meydanından hökumət binalarının yerləşdiyi, güclü mühafizə olunan Yaşıl Zonaya gedən iki körpüdə təhlükəsizlik qüvvələri ilə minlərlə etirazçı arasında qarşıdurmalar olub.

Dinc nümayişçilərə hücumları və bütün əsassız zorakılıqları pisləyirik.

Jurnalistlərlə danışmağa icazə verilmədiyinə görə adlarının gizli saxlanmasını istəyən təhlükəsizlik və tibb işçiləri azı 50 nəfərə qarşı qaz və rezin güllələrdən istifadə edildiyini bildirib.

Cümə ibadəti zamanı ölkənin yüksək rütbəli din xadimləri adından danışan Əhməd əl Safi dinc etirazçılara edilən hücumları, "əsassız zorakılıqları" qınadığını deyib və günahkarların məsuliyyətə cəlb edilməli olduğunu bildirib.

O, həmçinin əlavə edib ki, səlahiyyətlilər "hər hansı bir şəxsə və ya qrupa, hər hansı bir quruma, regional və ya beynəlxalq tərəfə" öz fikirlərini İraq xalqına zorla aşılamalarına icazə verməməlidir.

Əl Safi nitqi bu həftənin əvvəlində təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında qarşıdurma zamanı azı 18 nəfərin öldüyü Kərbəla şəhərində söyləyib.

Oktyabrın əvvəlindən başlayan nümayişlər korrupsiya, iqtisadi durğunluq və keyfiyyətsiz dövlət xidmətlərinə qəzəbdən qaynaqlanır.

XS
SM
MD
LG