Accessibility links

Müqtəda Əl-Sədrin minlərlə tərəfdarı Bağdadda yürüşə çıxıb


Vaşinqtonun bu ayın əvvəlində İraqın paytaxtında İran generalını öldürməsindən sonra Amerika əleyhinə əhval-ruhiyyənin artması nüfuzlu mühafizəkar şiə din xadiminin minlərlə tərəfdarını cümə günü Bağdadın mərkəzində toplayıb. Yürüş iştirakçıları Amerika qoşunlarının ölkəni tərk etməsini tələb edib.

Yürüş müsəlmanların günorta namazı saatlarında, İraqın paytaxtındakı mərkəzi meydanda başlayıb. Etirazçılar "Amerika yox!" kimi şüarlar səsləndirib. Bir uşaq üzərində “Amerikaya ölüm. İsrailə ölüm” yazılan plakat tutub.

ABŞ səfirliyi də daxil olmaqla, bir neçə xarici səfirliyin və İraqın hökümət binalarının yerləşdiyi Yaşıl Zonaya aparan yollar və körpülər beton sədlərlə bağlanıb. İraqın təhlükəsizlik qüvvələri keşik çəkərək, zonaya girişə mane olub.

Əsasən paytaxtdan olmaqla, İraqın cənub əyalətlərindən olan etirazçılar simvolik ağ kəfənlər geyinib və əllərində İraq bayraqları dalğalandıraraq, Bağdadın Cadriyə məhəlləsinə piyada gəlib.

2018-ci ilin may ayında keçirilən parlament seçkilərində partiyası ən çox yer qazanan şiə din xadimi Müqtəda Əl-Sədr ABŞ-ın iranlı general Qasım Süleymani və İraqın yüksək rütbəli hərbi komandiri Əbu Mehdi Əl-Mühəndisi öldürməsindən sonra Amerika qoşunlarının İraqdan çəkilməsini tələb edərək, "milyon insanlıq" nümayişə çağırıb.

Cümə günü verdiyi açıqlamasında 2003-cü ildə diktator Səddam Hüseyni devirmək üçün Birləşmiş Ştatların başlatdığı müharibədə ABŞ qoşunlarına qarşı döyüşən Əl-Sədr Amerika ordusunun İraqdakı mövcudluğuna dair şərtlərin siyahısını açıqlayıb. Siyahıda mövcud təhlükəsizlik müqavilələrinin ləğvi, ABŞ-ın hərbi bazalarının bağlanması, Amerika təhlükəsizlik şirkətlərinin işinə son qoyulması və İraqın hava məkanına çıxışın bağlanması yer alıb.

“Şərtlər yerinə yetirilsə, son əsgər İraqı tərk edənə qədər müqavimət müvəqqəti olaraq dayandırılacaq" deyə, Əl-Sədr bildirib.

Ölkə rəhbərlərini korrupsiyada, yüksək işsizlik səviyyəsi və sosial xidmətlərin aşağı səviyyədə olmasında günahlandıran etirazlar oktyabrın əvvəllərindən başlayıb və demək olar ki, hər gün davam edib. Nümayişlər zamanı 600-ə qədər insanın həyatını itirməsinə baxmayaraq, etirazçılar nümayişləri davam etdirəcəklərini deyirlər.

XS
SM
MD
LG