Accessibility links

İraq İran və Körfəz dövlətlərinin sammitinə ev sahibliyi edəcək


İraq İran və Tehranın Fars körfəzindəki ərəb rəqiblərini Bağdad sammitinə dəvət edib. Məqsəd son illərdə ölkələri açıq qarşıdurmaya yaxınlaşdıran gərginliyi aradan qaldırmaqdır.

Rəsmilər Yəmən müharibəsi, Livanın süqutu və regional su böhranının da müzakirə ediləcəyi toplantının Səudiyyə Ərəbistanı ilə İran arasında yaxınlaşma istiqamətində bir addım ola biləcəyini desələr də, iclasda iştirak edəcək nümayəndə heyəti barədə hələ məlumat verməyib.

Baş nazir Mustafa Əl-Kadimi keçirilməsi şənbə günü gözlənilən sammitə
Körfəz müttəfiqləri Misir və İordaniyanı, habelə Türkiyəni və zirvə toplantısını İraqla birlikdə təşkil edən Fransanın prezidenti Emmanuel Makronu da dəvət edib.

Fransa prezidentinə yaxın olan bir mənbənin verdiyi məlumata görə, Makron və Kadimi təhlükəsizlik məsələləri də daxil olmaqla, regional gərginliyi dialoq vasitəsi ilə azaltmaq istəyir. "Məqsəd burada bir şeyə başlamaq və bu konfransdan sonra onu davam etməkdir" - deyə, mənbə bildirib.

Regionda uzun müddətdir dominantlıq üzərində rəqabət aparan sünni müsəlman Səudiyyə Ərəbistanı ilə şiə müsəlman İran arasında gərginlik 2019 -cu ildə Səudiyyənin neft istehsalının yarısının qısa müddət dayanmasına səbəb olan neft zavodlarına hücumdan sonra artıb.

Ər-Riyad hücumda İranı günahlandırıb. Tehran isə bu ittihamı rədd edib.

Yəməndə müharibə aparan rəqib qüvvələrlə əlaqəsi olan bu iki ölkə 2016-cı ildə münasibətlərini kəssə də, bu ilin aprel ayında İraqda birbaşa danışıqlara başlayıb.

Ər-Riyad Vaşinqtonun İranla nüvə danışıqlarını yeniləməsinin ABŞ-ın Tehrana qarşı sanksiyalarının yumşalmasına səbəb ola biləcəyindən narahatdır və bu səbəbdən də danışıqları İran və onun müttəfiqlərini ittiham etdiyi hücumlarla bağlı təhlükəsizlik narahatıqlarını kənara qoymadan gərginliyi cilovlamağın yolu olaraq görür.

Bağdad İranın yeni sərt xətt tərəfdarı prezidenti İbrahim Rəisinin görüşdə iştirak edəcəyinə, habelə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla, Körfəz ölkələrindən nazirlərinin də qatılacağına ümid edir.

"Hətta xarici işlər nazirlərini belə, bir masada bir araya gətirsək bu, iranlılarla Fars körfəzinin Ərəb ölkələri arasındakı gərginliyi aradan qaldırmaq üçün bir irəliləyiş hesab edilə bilər" - deyə, Kahimiyə yaxın bir rəsmi bildirib.

XS
SM
MD
LG