Accessibility links

İraqın təhlükəsizlik qüvvələri etirazçılara qarşı canlı güllələrdən istifadə edir


İraq rəsmilərinin çərşənbə günü verdiyi məlumatda təhlükəsizlik qüvvələrinin ölkənin cənubunda bir gün əvvəl yolları bağlayaraq, oturaq aksiya keçirən etirazçılardan 3-nü öldürdüyü, 35 nəfəri isə yaraladığı deyilib. Beləliklə, iki gündə ölənlərin sayı 6-ya çatıb.

Təhlükəsizlik və səhiyyə işçilərinin bildirdiyinə görə, müqəddəs Kərbəla şəhərində toplaşan etirazçıları dağıtmaq üçün təhlükəsizlik qüvvələri canlı güllələrdən istifadə edərək, 2 etirazçını öldürüb. Etirazçılardan birinin günün əvvəlində qarşıdurmalar zamanı təhlükəsizlik qüvvələrinin gözyaşardıcı qaz kanistrindən aldığı xəsarətə görə öldüyü deyilib. Rəsmilər bu məlumatları adlarının anonim saxlanması şərti ilə verib.

Nümayişlər Bağdadda və İraqın cənubunda, əsasən şiə bölgələrində keçirilir. Şiələrin başçılıq etdiyi hökumətdəki korrupsiyaya, işsizliyə və keyfiyyətsiz dövlət xidmətlərinə qarşı başlayan kiçik aksiyalar sonradan böyüyərək, iğtişaşlara çevrilib. Oktyabrın 1-dən başlayan etiraz aksiyaları zamanı azı 350 nəfər ölüb, minlərlə etirazçı yaralanıb.

Rəsmilər bildirib ki, çərşənbə axşamı gecə Bağdadda baş verən üç partlayış zamanı azı 5 nəfər ölüb, 10-dan çox insan yaralanıb.

XS
SM
MD
LG