Həkimlərin bildirdiyinə görə, hökumət əleyhdarı tanınmış fəalın öldürülməsindən cəmi 24 saat sonra, bazar ertəsi başından vurulan iraqlı jurnalist reanimasiyaya aparılıb.
Korrupsiyaya qarşı mübarizə aparan İhab Əl-Vəzni bazar günü Kərbəlada öldürüldükdən sonra tərəfdarları qan tökülməsinə son qoyulması və bu cür cinayətlərdə əli olanların cəzalandırılması tələbi ilə küçələrə çıxb.
Vəzni Tehranın dəstəklədiyi silahlı qruplaşmaların böyük əksəriyyət təşkil etdiyi şiə ziyarətgahı Kərbəladakı etirazlara başçılıq edib.
Müşahidə kameralarında Vəzninin gecə saatlarında evinin yaxınlığında motosikletdəki şəxslər tərəfindən səsboğuzu cihazla təchiz olunmuş silahdan istifadə edilərək öldürüldüyünü görmək olub. Onun öldüyünü təhlükəsizlik qüvvələri və fəallar təsdiq edib.
France Press xəbər agentliyi həkimlərə istinadən bildirib ki, Vəzninin ölümündən bir neçə saat sonra başından iki, çiyindən bir güllə yarası alan müxbir Əhməd Həsən hazırda reanimasiyadadır.
Bir şahidin dediyinə görə, Vəzni ölkənin cənubundakı Divaniyə şəhərində evinə girmək üçün avtomobilindən düşərkən hədəf alınıb.
Vəzni 2019-cu ilin dekabrında da motosikletdəki şəxslər tərəfindən Kərbəlada hücuma məruz qalmış, lakin ölümdən qurtara bilmişdi.
Onların hər ikisi 2019-cu ilin oktyabrında İraq hökumətində korrupsiya və səriştəsizliyə qarşı keçirilən milli etiraz hərəkatının əsas fiqurları idi.
İstər mitinqlər zamanı küçələrdə, istərsə də evlərinin yaxınlığında indiyədək hərəkatın 600-ə yaxın fəalı öldürülüb.
Vəzninin öldürülməsinə etiraz olaraq Kərbəla, Nasiriyyə və cənubdakı Divaniyədə mitinqlər keçirilib.