Accessibility links

İraq qüvvələri Mosulda İŞİD-ə qarşı hücumlar keçirib


İraq hərbi qüvvələri ABŞ-ın dəstəyi ilə Mosulun İŞİD-in nəzarətində olan hissələrində irəliləməyə davam edir. Bu inkişaflar şəhər uğrunda yeddi aydır sürən döyüşlərin sona yaxınlaşdığı vaxt baş verir.

Militantlar Mosulun köhnə şəhər adlanan hissəsi də daxil olmaqla nəzarət etdikləri yerlərdən sıxışdırılıb çıxarılır. İŞİD-in nəzarətində saxladığı bu son yerlərdə əhalinin sıx yaşadığı dar küçələrdə döyüş taktikasından istifadə edəcəyi gözlənilir.

Mosulun qərbində mülki əhali döyüşlər şiddətləndikcə şəhəri tərk etməyə çalışır
Mosulun qərbində mülki əhali döyüşlər şiddətləndikcə şəhəri tərk etməyə çalışır

Briqada generalı Yəhya Rəsul deyib ki, İŞİD-in nəzarətində olan yerlər Mosul ərazisinin doqquz faizini təşkil edir.

"Bu, çox kiçik bir ərazidir. İnşallah, bu, son mərhələdir", general Yəhya Rəsul bildirib.

DAEŞ son nəfəsini çəkir. Döyüşçülər gücdən salınıb və cəbhələrdən sürətlə qaçır.
General leytenant Qasim Nazzal

Elitar əks-terror xidməti Mosulun Ureybi və Rifaiyə rayonlarında bazar günü səhər tezdən hücum keçirib. Bu barədə Birgə Əməliyyatlar Komandanlığının bəyanatında bildirilir.

Eyni vaxtda İraq ordusunun 9-cu diviziyası və Daxili İşlər nazirliyinin elitar Fövqəladə Hallar diviziyası İŞİD-in istinadgahına hücum edib.

"DAEŞ (İŞİD-in ərəbcə adı-red.) son nəfəsini çəkir. Döyüşçülər gücdən salınıb və cəbhələrdən sürətlə qaçır", 9-cu diviziyanın komandiri, general leytenant Qasim Nazzal bazar günü televiziya ilə çıxışında bildirib.

Militantlar sayca onlardan böyük üstünlüyə malik İraq qüvvələrinə qarşı döyüşlərdə intiharçı bomba hücumları keçirib, girov saxladıqları mülki əhali arasında yerləşdirilmiş snayperlərdən istifadə edir.

İŞİD-in nəzarətində olan getdikcə kiçilən ərazilərdə mülki əhalinin vəziyyəti daha da ağırlaşır. İnsanlar ərzaq qıtlığı qarşısında zibilliklərdən tullantıları yemək məcburiyyəti qarşısında qalıb. Güclü bombardmanlar nəticəsində çox sayda insan həyatını itirib.

Mosulu tərk edən insanların sayı ikiqat artıb. İraq hökumətinin açıqladığı rəqəmlərə əsasən, cümə günündən bəri şəhəri təxminən 10 min nəfər tərk edib.

XS
SM
MD
LG