Bazar günü İraqın müxtar Kürdüstan regionunda keçirilən parlament seçkilərində iştirak edən iki böyük siyasi partiya bir-birini saxtakarlıqda ittiham edir.
Təxminən 800-ə yaxın namizəd 111 yer uğrunda rəqabət aparıb. Lakin Kürdüstan Vətənpərvərlər Birliyi Partiyası baş rəqibi olan Kürdüstan Demokratik Partiyasını nəzarəti altındakı iki vilayətdə keçirilən seçkilərdə fırıldaqçılıqda ittiham edib və seçkilərin nəticələrini qəbul etməyəcəyini bildirib.
Kürdüstan Demokratik Partiyası da öz növbəsində iki şəhərdə keçirilən seçkilərdəki fırıldaqçılığın arxasında Kürdüstan Vətənpərvərlər Birliyi Partiyasının olduğunu bildirib.
İraq kürdləri özlərinin müstəqil dövlətinin olmasını istəyir və ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın bir hissəsi olaraq, İslam Dövləti qrupunun terrorçularına qarşı mübarizədə böyük rol oynadıqlarına görə bu məqsədə çata biləcəklərinə ümid edir.
Lakin İraqın mərkəzi hökuməti keçən il müstəqilliyə dair referendumun qeyri-qanuni olduğunu elan etmişdi.