Accessibility links

İsa Qəmbər: Minsk Qrupu münaqişənin həllində deyil, idarə edilməsində bir alət kimi istifadə olunur (audio)


Müsavat Partiyasının başqanı İsa Qəmbər Amerikanın Səsi radiosuna müsahibə verib
Müsavat Partiyasının başqanı İsa Qəmbər Amerikanın Səsi radiosuna müsahibə verib

ATƏT-in Dağlıq Qarabağ münaqişəsi, demokratiya, insan haqları və seçki məsələlərində ciddi uğurunun olmadığı açıq şəkildə qeyd edilib

Azərbaycan Müsavat Partiyasının başqanı İsa Qəmbər Amerikanın Səsi radiosuna müsahibəsində ATƏT-Azərbaycan münasibətlərindən danışıb. Sentyabrın 11-də ATƏT-ə üzv dövlətlərin daimi nümayəndələri Azərbaycan və Ermənistana səfərləri çərçivəsində Azərbaycan müxalifətinin liderləri ilə görüşüb.

İsa Qəmbərlə müsahibə
please wait

No media source currently available

0:00 0:07:09 0:00
Direct link


Sual: Bu gün Azərbaycan müxalifətinin liderləri ATƏT-ə üzv dövlətlərin daimi nümayəndələri ilə görüşüb. Görüşdə hansı məsələlər əsas müzakirə mövzusu oldu?

Cavab: ATƏT-ə üzv olan dövlətlərdən 19-nun səfiri Azərbaycan və Ermənistana səfərə gəlib. Hər iki ölkədə hakimiyyət, müxalifət və vətəndaş cəmiyyətləri ilə görüşlər keçiriblər. 19 səfirin sırasına Amerika, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Rusiya, Türkiyə və digər çox önəmli Avropa dövlətlərinin səfirləri daxil idi. Eyni zamanda, görüşdə ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay iştirak edirdi.

Səfərin məqsədi hər iki ölkənin siyasi dairələrinin mövqeyini öyrənmək və maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparmaq idi.

Bu günkü görüşümüzdə də Azərbaycanda mövcud ictimai-siyasi vəziyyət, aktual problemlər ətrafında fikir mübadiləsi aparıldı. Eyni zamanda, Qarabağ problemi, demokratiya, insan haqlarının durumu ilə bağlı fikirlərimizi bildirdik. Hər iki istiqamət ATƏT-in Azərbaycandakı mandatına daxil olan əsas məsələlərdir. ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə vasitəçilik edir, eyni zamanda ATƏT yeni müstəqil dövlətlərdə demokratiya, insan haqları və seçki məsələlərinə diqqət yetirir. Hər iki istiqamətdə ciddi uğurun olmadığını açıq şəkildə qeyd etdik, həm də ATƏT-in məsuliyyəti olduğunu onların diqqətinə çatdırdıq. Azərbaycanın Avropaya inteqrasiyası ilə bağlı da fikirlərimizi bildirdik. Hesab edirəm ki, kifayət qədər səmərəli bir söhbət oldu. Ən azından Avropanın aparıcı dövlətlərinin daimi nümayəndələri bizim fikirlərimizi bir daha eşitdi.

Sual: ATƏT-in Minsk Qrupunun Ermənistan-Azərbaycan münaqişəsi üzrə nizamlamada fəaliyyətini Azərbaycan rəhbərləri, parlamentdə təmsil olunan siyasi partiyalar tənqid edib. Sizin fikriniz necədir? Minsk Qrupu nə etməlidir ki, münaqişənin nizamlanmasında irəliləyişə nail olsun?

Cavab: ATƏT-in Minsk Qrupundan necə razı olmaq olar ki, münaqişənin nizamlanmasında heç bir irəliləyiş yoxdur. Faktiki olaraq, elə bil ki, Minsk Qrupu münaqişənin həll edilməsində deyil, konfliktin idarə edilməsində bir vasitə, alət kimi istifadə olunur. Yəni, əsas diqqət odur ki, hərbi əməliyyatlar yenidən başlanmasın. Amma, danışıqlarda heç bir dəyişiklik, müsbət addım, irəliləyiş ortada yoxdur. Ona görə də, onların fəaliyyətindən razı qalmaq mümkün deyil.

Əgər söhbət onlar nə etməlidir sualına gəlirsə, bu barədə dəfələrlə fikrimizi bildirmişik. Hər şeydən əvvəl, ATƏT beynəlxalq prinsiplərə uyğun şəkildə işğalçı dövlət Ermənistanla, işğala məruz qalan Azərbaycanın fərqini açıq şəkildə ortaya qoymalıdır. İşğalçı dövlət müəyyənləşəndən sonra işğal faktına beynəlxalq hüquq nəyi deyirsə, onu Ermənistana deməlidir. Ermənistana təsir göstərməlidir ki, işğal faktına son qoyulsun. Nəzərə alsaq ki, bu BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsində də əksini tapıb, hesab edirəm ki, ATƏT məsələdə daha cəsarətli və prinsipial mövqe tuta bilər və tutmalıdır. Əgər, bu addım atılsa konfliktin həlli xeyli asanlaşar və rahatlaşar.

Eyni zamanda, ATƏT ikinci missiyasına, bölgədə, o cümlədən Azərbaycanda və Ermənistanda demokratiyanın inkişafı məsələsinə prinsipial yanaşsa, daha çox səy göstərsə çox önəmli bir irəliləyiş olar. Bu halda təkcə ölkələrin demokratik inkişafı üçün deyil, həm də bölgədə konfliktlərin həll edilməsi üçün daha səmərəli, daha əlverişli mühit formalaşa bilər. Bunu da ATƏT və onun nümayəndələri nəzərə almalıdır.

Sual: Demokratiya və insan haqları sahəsindən söhbət saldınız. ATƏT sanki seçkilər qabağı daha çox fəallaşır və seçkilərdən sonra bəyanatlarla yadda qalır. ATƏT Azərbaycanda demokratiya və insan haqları sahəsində fəaliyyətini necə nizamlamalıdır ki, ölkədə bu sahələrdə, o cümlədən plüralizmi sahəsində irəliləyiş əldə edilsin?

Cavab: Bu problemlərə daha ciddi təsir göstərməsindən əvvəl ATƏT öz fəaliyyətinə qiymət verməlidir. 1975-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi yarananda (ilk illərdə bu qurum təşkilat deyildi) bu qurumun çox önəmli rolu oldu. Qərblə şərq arasında soyuq müharibənin isti müharibəyə çevrilməsinə imkan verməməsi, o dövrdə təhlükəsizlik və iqtisadi əməkdaşlıq sahəsində addımlar atılması, insan haqları ilə bağlı məsələlərin diqqətə gətirilməsi, sosialist düşərgəsində insan haqlarına əməl edilməsini tələb etməsi 70-ci illərin böyük bir nailiyyəti kimi qeyd edilə bilər. 1991-ci ildən sonra, sosialist düşərgəsi çökdükdən sonra da ATƏT bir sıra addımlar atdı, yeni müstəqil dövlətlərin Avropa və dünyaya inteqrasiyası sahəsində də önəmli xidmətləri oldu.

Amma, zaman keçdikcə bütün bu məsələlər formal xarakter daşımağa başladı. Bu gün ATƏT özü sual etməlidir ki, nəyə görə avtoritar rejimlərin demokratiyaya keçidi istiqamətində heç cür uğur əldə edə bilmir? Dünyada demokratiya istiqamətində baş verən proseslər ATƏT-in təsiri altında baş vermir. Tamamilə başqa qurumların, başqa güclərin təsiri altında bu dəyişikliklər baş verir. ATƏT öz rolunu nəzərdən keçirməlidir, bir daha araşdırmalıdır ki, nə etmək olar, necə etmək olar. Bu intellektual bir vəzifədir və Avropanın kifayət qədər təcrübəsi, işıqlı insanları, filosofları, sosioloqları var ki, məsələni həll edə bilsin. Biz də avtoritar ölkələrin siyasətçiləri, vətəndaş cəmiyyəti nümayəndələri kimi bu sahədə, beyin hücumunda öz mülahizələrimizi onlara şərh edə bilərik. Bu intellektual məsələ həll edilmədən, ATƏT öz fəaliyyətini yenidən nəzərdən keçirmədən, düşünmürəm ki, hər hansı sahədə ciddi uğur qazanacaq. Əksinə, tədricən ATƏT beynəlxalq proseslərə, münaqişələrin həllinə, demokratiyanın inkişafına real töhfəsi olmayan formal quruma çevrilməsi realdır və bunu ğörməmək mümkün deyil.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG