Suriya dövlət televiziyası İŞİD yaraqlılarının paytaxt Dəməşq yaxınlığında bir ərazidən 300 sement zavodu işçisini qaçırdığını bildirir.
Xəbərdə Əl Badia Sement şirkətinin işçilərinin Dumeir şəhəri yaxınlığından qaçırıldıqları deyilir. Şirkət rəsmiləri işçilərlə heç bir əlaqə yarada bilmədiklərini deyir.
Bu həftənin əvvəli İŞİD yaraqlıları Dumeirdə hərbi mövqelərə qarşı hücum həyata keçirərək, 12 əsgəri öldürüblər. Hökümət cavab atəşi açıb və ərazidə hava hücumları həyata keçirib.
Yerli sakinlərin verdiyi məlumata görə, yaraqlılar sement sexinə bazar ertəsi hücum edib. Onlar 250-dən çox işçinin itkin düşdüyünü bildirir.
Dumeirin şərqi İŞİD, qərbi isə üsyançıların nəzarəti altındadır. Hərbi hava limanı və elektrik stansiyası daxil olmaqla şəhərdəki əsas mövqelərə hökümət nəzarət edir.