İslam Dövləti yaraqlıları iddia edir ki, İordaniyanın hava hücumları nəticəsində qrupun girov saxladığı Amerikanın humanitar yardım işçisi ölüb.
Ağ Ev iddianın təsdiq edilə bilmədiyini bildirib.
"Biz bu məlumatlarından çox narahatıq," deyə Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Bernadet Mihan bu gün açıqladığı bəyanatında bildirib: "Hazırda İŞİD-in iddiasını sübut edə biləcək heç bir dəlil görmürük".
ABŞ Dövlət Departamentinin sözçüsü Marie Harf deyib ki, Dövlət Departamenti İŞİD tərəfindən də daxil olmaqla, xaricdə amerikalıların girov saxlanması barədə məlumatlıdır, ancaq xüsusi bir hal barədə ətraflı məlumata malik deyil.
İordaniya İslam Dövlətini hədəf alan hava hücumlarının dekabr ayında Suriyada girov götürülən və vəhşicəsinə öldürülən pilotun qisasının başlanğıcı olduğunu bildirib.