Accessibility links

İslam Dövləti İrandakı ölümcül partlayışlara görə məsuliyyəti üzərinə götürüb


Dörd il əvvəl ABŞ-ın hava hücumu nəticəsində öldürülən keçmiş iranlı komandirin anım mərasimləri zamanı azı 89 nəfərin ölümü ilə nəticələnən partlayışlara görə məsuliyyəti ekstremist İslam Dövləti (İD) qruplaşması öz üzərinə götürüb. İranın daxili işlər nazirinin yanvarın 5-də verdiyi məlumata görə, hücumlarla əlaqədar çox sayda şübhəli həbs olunub.

İslam Dövləti Telegram kanalında verdiyi açıqlamada ölkənin cənub-şərqindəki Kirman şəhərində elit Qüds qüvvələrinin keçmiş komandiri Qasım Süleymaninin ölümünün ildönümü qeyd edilən vaxt iki üzvünün "partlayıcı gödəkçələrini işə saldığını" bildirib.

İsrailin Qəzza zolağında ABŞ və Avropa İttifaqı tərəfindən terror təşkilatı kimi təyin edilmiş HƏMAS-la müharibəni və İranla müttəfiq olan Yəməndəki Husi üsyançılarının Qırmızı dənizdə ticarət gəmilərinə hücumlarını davam etdirdiyi üçün insident regionda münaqişənin genişlənməsi qorxusunu gücləndirib.

Daxili işlər naziri Əhməd Vahidi dövlət televiziyası ilə çıxışında partlayışlarda əli olmaqda şübhəli bilinən bir neçə nəfərin həbs edildiyini bildirib.

"Ölkəmizin bacarıqlı kəşfiyyat orqanları Kirmandakı terror partlayışlarında iştirak edən ünsürlərlə bağlı çox yaxşı sübutlar tapıb və bu hadisədə əli olanların bir hissəsi həbs edilib" - deyə, Vahidi bildirib.

İran rəsmiləri hücumda İsrail və ABŞ-ın əli olduğunu deyərək, bunun İsrail-HƏMAS müharibəsindən qaynaqlanan daha geniş Yaxın Şərq gərginliyi ilə əlaqələndirməyə çalışıb.

Qurbanların kütləvi dəfn mərasimində danışan İran prezidenti İbrahim Rəisi və İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı Hüseyn Səlami heç bir sübut təqdim etmədən, bu kimi iddialar irəli sürüb. Toplanan izdiham "Amerikaya ölüm!" və "İsrailə ölüm!" şüarları səsləndirib.

ABŞ partlayışların arxasında İsrail və ya Vaşinqtonun olması ilə bağlı iddiaları rədd edib.

Forum

XS
SM
MD
LG