Accessibility links

İsmayıllı hadisələri faktı ilə bağlı cinayət işi qaldırılıb


İsmayıllı üsyan
İsmayıllı üsyan

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin rəhbərliyindən və məsul əməkdaşlarından ibarət heyət hadisə yerinə gəlib

Ismayıllıda baş verən hadisələrlə bağlı fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş Prokurorluğun Ağır ciayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi başlanıb.

Baş Prokurorluğun və Daxili Işlər Nazirliyinin Mətbuat Xidmətlərinin məlumatında deyilir ki, 2013-ci il yanvarın 23-də saat 21.30 radələrində İsmayıllı şəhərində "Çıraq" otelinin və 4 ədəd müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi münaqişə baş verib.

Buna səbəb oteldə işləyən Bakı şəhər sakini Emil Şəmsəddinovun şəhərin Nizami küçəsində sərxoş vəziyyətdə avtomobili idarə etməsi və onu elektirik dirəyinə çırparaq qəza törətməsi, eyni zamanda, sərnişini, Bakı şəhər sakini Elməddin Məmmədovla birlikdə yaxınlıqdakı VAZ-2107 markalı avtomaşının sahibi, rayon sakini Ramil Bəkirovu döyərək xəsarət yetirmələri olub. Əhalinin sıx olduğu yerdə baş vermiş hadisə yerinə xeyli sayda adam toplaşıb və onlara etirazlarını bildirib.

E.Şəmsəddinovun yerli sakinləri nalayiq söyüşlərlə təhqir etməsi isə baş vermiş münaqişənin daha da böyüməsinə, nəticədə vətəndaşların oteli və otelin həyətindəki üç müxtəlif markalı avtomobili yandırmalarına səbəb olub.

Bundan sonra desturuktiv qüvvələrin təhriki ilə insident iştirakçıları yürüş edərək İcra Hakimiyyəti başçısı Nizami Ələkbərovun oğlu Elxana məxsus evi də yandırmağa cəhd göstərib. Rayon Polis Şöbəsi əməkdaşlarının gördüyü qətiyyətli tədbirlər nəticəsində baş vermiş hadisənin daha da genişlənməsinin qarşısı alınsa da həyətdə olan bir ədəd avtomobil yandırılıb.

İnsidentin qarşısı alınarkən üçü polis əməkdaşı olmaqla dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Kütləvi münaqişənin baş verməsinin səbəbkarları Emil Şəmsəddinov və Elməddin Məmmədov tutulub.

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin rəhbərliyindən və digər məsul əməkdaşlarından ibarət olan heyət hadisə yerinə gəlib.

Fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş Prokurorluğun Ağır ciayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi başlanmış, istintaq aparılır.

Xəbərdə cinayət işinin Cinayət Məcəlləsinin hansı maddələri ilə qaldırıldığı və neçə nəfərin saxlandığı bildirilmir. Yerli mənbələrin məlumatına görə, onlarla aksiya iştirakçısı saxlanıb.
XS
SM
MD
LG