Accessibility links

Ilqar Məmmədov və Tofiq Yaqublunun İsmayıllıda çağırışı


Prokurorluq və Daxili İşlər Nazirliyi İsmayıllı hadisələrindən sonra 52 nəfərin saxlandığını bildirir

Respublika Baş Prorokuroluğu və Daxili İşlər Nazirliyi İsmayıllı hadisələri ilə bağlı növbəti birgə məlumat yayıb.

Məlumatda deyilir ki, Müsavat Partiyası sədrinin müavini Tofiq Yaqublu və REAL Hərəkatının həmsədri İlqar Məmmədov yanvarın 24-də İsmayıllıya gedərək rayon sakinləri arasında polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlamaq kimi ictimai-siyasi sabitliyin pozulmasına yönələn çağırışlar ediblər. Onların ölkədə vəziyyətin gərginləşdirilməsinə hesablanmış bu qanunazidd əməlləri istintaq yolu ilə tam və hərtərəfli araşdırılaraq hüquqi qiymətini alacaq.

Hadisə nəticəsində dövlətə və vətəndaşlara vurulmuş ziyanın həcmi, polis əməkdaşlarına yetirilmiş bədən xəsarətlərinin ağırlıq dərəcəsi və sair xüsusatların müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib.

Bundan əlavə, məluamtda qeyd edilib ki, yanvarın 23-də İsmayıllı şəhərində “Çıraq” otelinin inzibatçısı Emil Şəmdinovun və tanışı Elməddin Məmmədovun sərxoş vəziyyətdə özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmələri və bununla əlaqədar hadisə yerinə toplaşmış bir qrup şəxs tərəfindən “Çıraq” otelinin və müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi münaqişə baş verib.

Törətdikləri hüquqazidd əməllərə görə Emil Şəmdinov və Elməddin Məmmədov cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmə tərəfindən həbs-qətimkan tədbiri seçilib.
Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq idarəsində cinayət işi başlanıb, həmçinin prokurorluq və polis orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

İctimai qaydanın pozulmasına səbəb olan hərəkətlərdə, özgə əmlakının qəsdən məhv edilib zədələnməsində, hakimiyyət nümayəndələrinə qarşı zor tətbiq edilməsində, yanğın və dağıntıların törədilməsində fəallıq göstərmiş rayon sakinləri Vasif İbrahimov, Şükran Mühübəliyev, Şakir Mustafayev, Ceyhun Abbasov, Cəfər Cəfərov və əvvəllər məhkum olunmuş Elşən Qurbanov, eyni zamanda, yandırılan “Çıraq” otelindən iki televizor, bir divan və bir kreslonu soyğunçuluq yolu ilə açıq taladıqlarına görə Səxavət Səmədov və Xəyal Şaranov Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

İctimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərdə iştirak etmiş daha 52 nəfər saxlanılıb və məhkəmə tərəfindən onlardan 23-nə inzibati həbs, 15-nə inzibati cərimə növündə tənbeh tədbirləri tətbiq edilib, 14 nəfər isə xəbərdarlıq edildikdən sonra buraxılıb. Tutulmuş və həbsə alınmış şəxslərə hüquq və vəzifələri izah edilib, eləcə də hər biri saxlanıldığı andan müdafiəçi ilə təmin olunub.

Son günlər ayrı-ayrı kütləvi informasiya vasitələrində xuliqanlıq zəminində baş vermiş məlum hadisələrin əsl mahiyyəti təhrif edilərək məqsədyönlü surətdə qeyri-obyektiv və qərəzli informasiyalar yayılır. Bunlardan biri də ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol verdiyinə görə inzibati qaydada cərimələnərək sərbəst buraxılmış və hazırda qeydiyyatda olduğu ünvanda yaşayan rayon sakini Ramil Cavadovun guya yanvarın 24-dən etibarən yoxa çıxmasıdır.

Hadisələr zamanı çoxsaylı insanların xəsarət almaları barədə dərc edilən informasiyaları da birmənalı təkzib edərək bildiririk ki, aldıqları xəsarətlərlə bağlı rayon xəstəxanasına ümumilikdə 4 nəfər müraciət edib və onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Hazırda ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərin təşkilatçıları və digər iştirakçılarının müəyyənləşdirilib məsuliyyətə cəlb olunması istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir, deyə birgə məlumatda bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG