Accessibility links

İsrail Həmasla əlaqəli hədəflərə havadan zərbələr endirib


İsrail ordusu cümə axşamı bildirib ki, bir neçə saat əvvəl İsrail ərazisinə atılan raketlərə cavab olaraq, Qəzza zolağında Həmas militantları ilə əlaqəli hədəflərə hava zərbələri endirib.

İsrail Müdafiə Qüvvələrinin bildirdiyinə görə, hava hücumları əsasən silah istehsalı sahəsi və hərbi kompleksə edilib.

İsrailin Hava Hücumundan Müdafiə Qüvvələri Qəzzadan atılan altı raketdən beşinin vurulduğunu, birinin isə İsrailin cənubundakı boş əraziyə düşdüyünü bildirib.

Trans-sərhəd hücumlar İsrailin çərşənbə günü işğal altındakı İordan çayının qərb sahilində 11 fələstinlinin ölümü ilə nəticələnən reydindən sonra həyata keçirilib.

İsrail Nablusda militantların həbs edilməsi üçün əməliyyat keçirdiyi zaman əsgərlərinin atəşə tutulduğunu və ondan sonra silahlı qarşıdurma başladığını bildirib.

Fələstin səhiyyə rəsmiləri 100-dən çox fələstinlinin yaralandığını deyib.

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş çərşənbə günü BMT-nin iclasında vəziyyətin "son illərdə olduğundan daha ağır" olduğunu deyib.

"Ölümlərlə nəticələnən zorakılıqlar artmaqda davam edir. Gərginlik yüksək səviyyədədir. Sülh prosesi isə hələ də dalana dirənmiş vəziyyətdədir" - deyə, Quterreş bildirib.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Vaşinqtonda jurnalistlərə deyib ki, heç bir tərəf gərginliyi alovlandıran heç bir addım atmamalıdır.

"Biz İsrailin üzləşdiyi real təhlükə narahatlıqlarını başa düşürük. Eyni zamanda, mülki əhali arasında itkilər və çox sayda yaralananlar da bizi dərindən narahat edir" , Prays deyib.

XS
SM
MD
LG