İsrail ordusu cümə axşamı Qəzza zolağının mərkəzi və cənubunda havadan və qurudan hücumlar həyata keçirib. HƏMAS-ın idarə etdiyi Qəzza Səhiyyə Nazirliyi İsrailin gecə hücumları zamanı onlarla insanın öldüyünü bildirib.
Qəzza Səhiyyə Nazirliyinin bildirdiyinə görə, 60-dan çox ölən arasında İsrailin Qəzza zolağındakı ikinci ən böyük Xan Yunis şəhərinə endirdiyi hava zərbələri nəticəsində həyatlarını itirənlər də var.
İsrail hərbçiləri həmçinin jurnalistləri Xan Yunisdə yeraltı tuneldə gəzdirib və orada girovların olduğuna dair sübutların olduğunu bildirib.
İsrail girovların heç birinin kimliyi və taleyi ilə bağlı məlumat verməyib, lakin aşkar edilən dəlillər arasında DNT ilə əldə edilən dəlillər olduğunu bildirib.
HƏMAS oktyabrın 7-də İsrailə hücumu zamanı 1200-ə yaxın insanı öldürüb və 240 nəfəri əsir götürüb. Girovlardan təxminən yarısı azad edilib.
Qəzza Səhiyyə Nazirliyi İsrailin əks-hücumları nəticəsində 23,300-dən çox fələstinlinin həlak olduğunu bildirib. Qəzzanın böyük əraziləri dağıntılar altında qalıb və 2,3 milyonluq əhalisinin 85%-i didərgin düşüb.
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus çərşənbə günü deyib ki, yardım agentlikləri Qəzzaya humanitar yardım çatdırmaqda "demək olar ki, keçilməz problemlərlə" üzləşir.
Tedros yardım çatdırılmasını asanlaşdırmaqda İsraildən yardım istəyərək, "Bizim təchizatımız, komandalarımız və planlarımız var. Yeganə problem oraya çıxışımızın olmamasıdır" deyib.
Forum