Accessibility links

İsrail Qəzza zolağına hücumların intensivliyini azaltmaq niyyətində deyil


İsrail çərşənbə axşamı gecəsi Qəzza zolağına endirilən zərbələr nəticəsində onlarla HƏMAS militantının öldürüldüyünü bildirib və mühasirədə olan Fələstin anklavının bombalanmasını zəiflətmək niyyətində olmadığını bildirib.

Birləşmiş Ştatlar İsrailin iki həftəlik intensiv hücumlarından sonra humanitar böhranın yarandığı Qəzzaya daha çox yardımın axmasına icazə verməyə çağırıb.

Bununla belə, İsrail-Fələstin münaqişəsinin ən qanlı epizodunda tezliklə atəşkəs əldə etmək perspektivləri zəifdir.

Fələstinlilərin Səhiyyə Nazirliyi bildirib ki, İsrailin Qəzza zolağına iki həftədir davam edən hava zərbələri nəticəsində 5 mindən çox insan həlak olub. Zərbələr HƏMAS-ın militantların bir gündə əksəriyyəti mülki şəxs olmaqla 1400-dən çox insanın ölümü ilə nəticələnmiş hücumuna cavab idi.

İsrail tankları və əsgərləri İsraillə Qəzza zolağı arasındakı sərhəddə toplaşaraq quruda əməliyyata başlamaq əmrini gözləyirlər.

İsrail ordusu gecə ərzində Qəzza zolağında militantların 400-dən çox hədəfini vurduğunu, onlarla HƏMAS militantını, o cümlədən üç batalyon komandirinin müavinini öldürdüyünü bildirib.

Hərbçilər bildiriblər ki, vurulan hədəflərdən biri HƏMAS-ın dənizdən və HƏMAS-ın məscidlərdəki komandanlıq mərkəzlərindən İsrailə daxil ola biləcəyi tunel olub.

Reuters agentliyi hələlik bu xəbərləri təsdiq edə bilmir.

BMT və humanitar təşkilatlar humanitar fəlakət barədə xəbərdarlıq edir və anklava qida, su, dərman və yanacağın buraxılmasını istəyir.

Bundan öncə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Herzi Halevi İsrailin zərbələrin intensivliyini azaltmayacağını bildirmişdi.

"HƏMAS-ı tamamilə məhv etmək istəyirik. Biz cənubda quru əməliyyatlarına yaxşı hazırlaşmışıq. Daha çox vaxtı olan qoşunlar daha yaxşı hazır olur və biz bunu edirik" – deyə, Halevi qeyd edib.

Qəzzada tibb rəsmiləri bildiriblər ki, İsrailin bir gecədə həyata keçirdiyi bombardman nəticəsində onlarla fələstinli ölüb və ya yaralanıb. Yerli hakimiyyət orqanları ən azı 15 evin dağılması haqda məlumat veriblər.

Fransa prezidenti Emmanuel Makron çərşənbə axşamı Tel-Əvivə gələrkən İsrailə dəstəyini ifadə edib. Onun İsrailin baş naziri Benyamin Netanyahu və İsrail hərbi kabinetinin digər üzvləri ilə görüşəcəyi gözlənilir.

Oktyabrın 7-də baş verən hücumlarda 30 Fransa vətəndaşının öldüyünü, 9 nəfərin isə itkin düşdüyünü və ya girov götürüldüyünü qeyd edən Makron sosial mediada “Kədər bizi İsraillə bağlayır” deyib.

Dövlət katibi Antoni Blinken çərşənbə axşamı BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq üzrə iclasında iştirak etməyi planlaşdırır. Veto hüququna malik beş daimi üzv olan ABŞ, Rusiya, Çin, Britaniya və Fransa arasında fikir ayrılıqları nəzərə alınmaqla, qurumun hansı qərarı verə biləcəyi bəlli deyil.

Forum

XS
SM
MD
LG