Accessibility links

İsrail fələstinliləri Qəzzanın 4 yaşayış məntəqəsini tərk etməyə çağırıb


İsrail cümə axşamı fələstinlilərə Qəzzanın cənubundakı dörd şəhəri tərk etmələrinə göstəriş verib. Bu, İsrailin HƏMAS militantlarına qarşı müharibəsinin genişlənməsinə və insanlara həmin ərazilərdə qalmağın təhlükəli olduğuna işarədir.

İsrail gecə boyu təyyarələrdən vərəqələr ataraq, mülki əhaliyə Xan Yunus şəhərinin şərqində yerləşən Bəni-Şüheyla, Xuzaa, Abasan və Qarara şəhərlərini tərk etməli olduqlarını bildirib.

Sakinlərin sözlərinə görə, vərəqələrdə "HƏMAS terror qruplaşmasının əməlləri müdafiə qüvvələrinin sizin yaşadığınız ərazilərdə onlara qarşı əməliyyatlar həyata keçirməsini tələb edir. Təhlükəsizliyiniz üçün yaşayış yerlərinizi dərhal boşaltmalı və məlum sığınacaqlara üz tutmalısınız" yazılıb.

Ərazidə yaşayan sakinlər keçən gecə İsrailin güclü bombardman həyata keçirdiyini bildirib.

İsrail əsgərləri Şifa xəstəxanasına qarşı da əməliyyatlarını davam etdirib. İsrail ordusu Səhiyyə Nazirliyi rəsmilərinə gözlənilən əməliyyatla bağlı xəbərdarlıq etdikdən bir neçə dəqiqə sonra, çərşənbə günü səhər saatlarında HƏMAS militantlarını təqib etmək üçün Qəzzanın Şifa xəstəxanası və ətrafında əməliyyatları davam etdirib.

İsrail Müdafiə Qüvvələri əməliyyatını "dəqiq və hədəfli" adlandırıb. İsrail deyir ki, HƏMAS xəstəxanadan komanda mərkəzi kimi, oradakı xəstələr və işçilərdən isə canlı qalxan kimi stifadə edir. HƏMAS və Qəzzanın səhiyyə rəsmiləri bu ittihamı rədd edir.

İsrail HƏMAS militantlarının yaşayış məhəllələrində fəaliyyət göstərdiyi, məktəb və məscidlərin yaxınlığında raket və silahlar yerləşdirdiyi ilə bağlı görüntülər paylaşmasına baxmayaraq, Şifa xəstəxanasında ilə bağlı iddialarını təsdiq etmək üçün heç bir foto və ya video təqdim etməyib. Şifa Qəzzanın ən böyük xəstəxanasıdır.

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Gebreyesus İsrail ordusunun Şifa xəstəxanasına reydlərini "tamamilə qəbuledilməz" adlandırıb.

Tedros çərşənbə günü Cenevrədə keçirilən mətbuat konfransında deyib ki, "xəstəxanalar döyüş meydanı deyil" və hətta obyektlər hərbi məqsədlər üçün istifadə olunsa belə, xəstəxanalardakı xəstələr və işçilər qorunmalıdır.

ABŞ prezidenti Co Bayden HƏMAS-ı Şifa xəstəxanasından komanda mərkəzi kimi istifadə etməkdə ittiham edərək, bunu "müharibə cinayəti" adlandırıb.

Çərşənbə günü Kaliforniya ştatının Vudsayd şəhərində Çin lideri Si Cinpinlə görüşdən sonra keçirilən mətbuat konfransında Bayden "ilk müharibə cinayətini HƏMAS-ın qərargahını, döyüşçülərini xəstəxananın altında gizlətməklə törədib. Bu bir faktdır və bu baş verib", Bayden çərşənbə günü Kaliforniyanın Vudsayd şəhərində Çin lideri Si Cinpinlə görüşdən sonra mətbuat konfransı zamanı deyib.

Bu arada, çərşənbə günü Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Qəzzada "təcili və uzunmüddətli humanitar fasilələr" tələb edən qətnamə qəbul edib. Şuranın 12 üzvü lehinə səs verib. Əleyhinə səs verən olmayıb. ABŞ, Rusiya Britaniya bitərəf qalıb.

Qəbul edilən qətnamə eləcə də "HƏMAS tərəfindən girov götürülən bütün insanların dərhal azad edilməsini" tələb edir.

Forum

XS
SM
MD
LG